Ermənistan – AİB və KTMT, yoxsa Aİ və NATO? ANALİTİK

Ermənistan – AİB və KTMT, yoxsa Aİ və NATO? ANALİTİK

Ölkə çıxılmaz vəziyyətdə süquta doğru yuvarlanır

Bir müddət öncə Gürcüstanda keçirilən NATO hərbi təlimləri növbəti dəfə sentyabrın 3-ü və 11-i arası “Agile Spirit 2017” adı ilə keçiriləcək. Təlimlər Samtsxe-Cavaxetiya regionunun Orfolo poliqonunda və Şota Xursidze adına zirehli tank mərkəzində baş tutacaq. Gürcüstanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, çoxmillətli hərbi təlimlər bu ölkənin Silahlı Qüvvələri ilə yanaşı, ABŞ-ın hərbi dəniz piyadası alayının dəstəyi ilə keçiriləcək. Təlimlərin məqsədi gürcü hərbçilərinin ABŞ-dan olan həmkarları ilə, eləcə də əməkdaşlıq etdiyi ölkələrlə birgə NATO çərçivəsində peşəkarlıq səəviyyəsini artırmaqdan ibarətdir. “Agile Spirit 2017”-də Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri qatılacaq.

KTMT baş katibi erməni generalı olan Ermənistan hansı səbəbdən NATO ilə yaxınlaşma məqsədini güdür?

Bu arada, Ermənistanın bir müddət öncə bənzər təlimlərdə iştirak etməsinə rəğmən, yenidən NATO çərçivəsində keçirilən hərbi təlimlərdə iştirakı söz yox ki, Rusiyanın regional maraqlarına cavab vermir. Çünki orada iştirak edən və Rusiya ilə münasibətləri heç də hamar olmayan ölkələrlə birgə hərbi təlimlərdə iştirak ermənilərin uzun illər bel bağladıqları Rusiyanı qıcıqlandıra bilər. Çünki öncəki hərbi təlimlərdən sonra Rusiyanın hərbi-siyasi dairələri Ermənistana qarşı heç də normal münasibətləri əks etdirən bəyanatları ilə yadda qalmadılar, əksinə, ortaya ciddi fikirlər çıxdı, hətta hədələyici mesajlar da oldu. Bu zaman sual yaranır, suverenliyi bilavasitə Rusiyanın əlində olan, eyni zamanda KTMT-də üzv olmaqla yanaşı, bu qurumun hazırkı baş katibi erməni generalı olan Ermənistan hansı səbəbdən NATO ilə yaxınlaşma məqsədini güdür?

Erməni analitiki bunun yerinə daha institusional əməkdaşlıq imkanları olan NATO ilə münasibətlər qurmağı üstün tutur

Sözügedən mövzu ilə bağlı elə bu ölkənin mətbuatında səslənən fikirlərə diqqət yetirmək maraq doğurur. Misal üçün, tanınmış erməni siyasi analitiki və jurnalisti Sarqis Artsruniyə görə, Yerevanda KTMT-yə bel bağlamağın, ümid etməyin məntiqsiz fikir olması barədə fikirlər ortaya çıxmağa başlayıb. Xüsusilə, Rusiyanın Azərbaycanla hərbi-texniki əməkdaşlığı ermənilərin bu ümidlərini puç edib. Erməni analitiki bunun yerinə daha institusional əməkdaşlıq imkanları olan NATO ilə münasibətlər qurmağı üstün tutur və eyni zamanda bu alyansa inteqrasiya edib, onun infrastrukturlarında, proqramlarında iştirakı münbit addım kimi qiymətləndirir. “Bu hadisə (Gürcüstandakı hərbi təlimlər-R.N.) o zaman baş berir ki, ölkə öz statusundan çıxa bilməkdə, daxili və müdafiə siyasətində məsələlər qaldırmaq imkanını tamamilə itirib”-deyə yazan Artsruni hesab edir ki, NATO-ya yaxınlaşmaq siyasəti bəzi məqamlarda həmin imkanları yenidən ortaya çıxara bilər. SİTAT: “Ermənistanın AİB və KTMT formatı planında həmin sturkturlar qarşısında öhdəsinə düşən vəzifələri yerinə yetirir, digər tərəfdən Ermənistan hakimiyyəti Qərb strukturları ilə də münasibət qura biləcəyini düşünür”.

Ermənistan Qərbə tərəf meyllənmə siyasətini davam etdirəcəksə, bu zaman Rusiyanın dəstəklədiyi strukturlarda sıxışdırılma siyasətinə məruz qalacaq

Ancaq Artsruninin bu fikirlərinin təhlilini apararkən həm də belə nəticəyə gələ bilərik ki, əgər Ermənistan Qərbə tərəf meyllənmə siyasətini davam etdirəcəksə, bu zaman Rusiyanın dəstəklədiyi strukturlarda sıxışdırılma siyasətinə məruz qalacaq. Görünür, bu səbəbdən, Ertmənistanın prezidenti Serj Sarkisyan və baş naziri Karen Karapetyan ehtiyatlarını əldən verməmək üçün təmsilı olunduqları strukturlarla əməkdaşlıq edəcəklərini bəyan edirlər. Məhz erməni analitiki də buna işarə edir: “Əbəs yerə deyil ki, son 10 gün ərzində prezident və baş nazir Ermənistanın payızda AİB-lə yeni çərçivədə saziş imzalayacağını deyirlər. Bu, heç də özünəinam hissi deyil və vəziyyətin daha da gərginləşməməsi üçün atılmış preventiv addımdır.”

Erməni analitiki Ermənistan rəhbərliyinin Rusiyanın qısqanclığına və narazılığına hazır olmağı tövsiyə edib: “Təbii ki, Yerevanın Aİ və NATO ilə yaxınlaşması Moskvada alqışlarla qarşılanmayacaq və Rusiya Ermənistana yönəlik sərt qərarlar verə bilmək məcburiyyətində qalacaq. Ekpert və politoloji dairələrin bəyanatları buna sübutdur.”

Qarabağ cəbhəsində ötən ilin aprelində alınan ağır məğlubiyyət bu amilin yenidən təkrarlanmasına kifayət qədər zəmin yaratmış olur

Müəllif sonda əsas təhlükənin Qarabağ cəbhəsində baş verə biləcəyini istisna etməyib. O, Moskvanın bu bölgədə təxribatlar törədəcəyini qeyd edərək, hadisələrin riskli şəkil aldığını bildirib.

Görünən isə budur ki, Ermənistanın itirilmiş suverenitetliyi, eyni zamanda Qərblə Rusiya arasında hansı qərar verə bilməsi ətrafında baş sındırması bu ölkənin siyasi cəhətdən süquta uğramaq reallığını daha da artırmaqdadır. Xüsusilə, Qarabağ cəbhəsində ötən ilin aprelində alınan ağır məğlubiyyət bu amilin yenidən təkrarlanmasına kifayət qədər zəmin yaratmış olur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə