“Millət-ordu” konsepsiyası, yoxsa məzar? ANALİTİK

“Millət-ordu” konsepsiyası, yoxsa məzar? ANALİTİK

Erməni analitiki erməni ordusunda baş verən özbaşınalıqları ifşa etdi

“Helsinki vətəndaş assambleyasının Vanadzor (Ermənistan) ofisi həyəcan təbili çalıb: son zamanlar orduya sağlamlıqlarında ciddi problemlər olan gənclər çağırılır. Kifayət qədər mümkündür ki, vətəndaş mühacirətinin qarşısını ala bilməkdə aciz qalan hakimiyyət xəstələrin hesabına öz işlərinin öhdəsindən gəlməyə çalışırlar. Sağlıqlarında ciddi fəsadlar olan gənclərin hərbi xidmətə çağırılmaları isə ordunun hazırlıq səviyyəsini həll etmir, həmçinin silahlı qüvvələrdə ölüm hallarının artması dəqiqdir, bu isə hərbi qanunvericiliyin pozulmasına (“dedovşinaya”-R.N.) əlavə stimul verir”. SİA xəbər verir ki, bu barədə erməni anailitik yazarı Sarqis Artsruni fəaliyyət göstərdiyi 1in.am saytının təhlil bölməsində araşdırma yazısı ilə çıxış edib.

2017-ci ilin altı ayında 38 hərbçi sülh şəraitində həyatını itirib

Adıçəkilən ofisin rəqəmlərinə istinad edən S.Artsruni ordu daxilində cərəyan edən və davamlı xarakter alan dəhşətli rəqəmləri ortaya çıxararaq yazır ki, təkcə 2017-ci ilin 1 yanvar tarixindən 31 iyul 2017-ci il tarixinə qədər olan 6 ay müddətində 38 hərbçinin ölümü ilə bağlı məlumatlar verilib. Ancaq öldürülən əsgərlərin əsas tərkibi sülh şəraitində həyatlarını itiriblər. SİTAT: “Onların hamısı qarşı tərəfin gülləsindən həlak olmayıblar. Məsələn, 2017-ci ilin 1 iyun tarixindən 1 iyul tarixinə qədər erməni silahlı qüvvələrində, eləcə də müdafiə ordusunda 3 ölüm faktı barədə məlumat verilib. Onlardan biri hərbi əməliyyat zamanı həyatını itirib. Yerdə qalanlar isə təmas xəttində heç bir atəşin açılmadığı vaxtda –sülh şəraitində həlak olublar”.

Ordudakı ölüm hallarının böyük çoxluğu hərbi qanunvericiliyə əməl olunmaması, “ustavdan” kənar münasibətlərin baş verməsinin nəticələridir

S.Artsruni baş verənlərdə bilavasitə Serj Sarkisyanın qaniçən və yarıtmaz hakimiyyətini ittiham edir və onu da əlavə edir ki, boş-boş şüarlar səsləndirib konsepsiyalarla xalqı aldatmaq olmaz, eləcə də bu hakimiyyəti apardığı diplomatik siyasəti də yarıtmaz vəziyyətdədir. SİTAT: “Hakim partiyanın seçkliər öncəsi “təhlükəsizlik” komponentli şüarlarını isə əsgərlərin həyatları bahasına reallaşdırmaq olmaz, əksinə, bu, keyfiyyətli diplomatiya ilə əvəzlənməlidir. Lakin ordudakı ölüm hallarının böyük çoxluğu hərbi qanunvericiliyə əməl olunmaması, “ustavdan” kənar münasibətlərin baş verməsinin nəticələridir”.

Erməni ordusunun ictimai rəydəki görünüşü - ətçəkən maşın və baladan yetim qalan analar...

“Beləliklə, bu cür vəziyyətdə məhdudlaşmış insan resurslarımızın istifadəsi davam edir – davam edən müharibə və artan daxili özbaşınalıqlar çərçivəsində”-deyə qeyd edən erməni analitik yazarı xalqın orduya inanmadığını xüsusilə vurğulayıb və ilginc bənzətmə edib: “İctimai rəydə ordu ətçəkən maşın kimi qiymətləndirilir və bu da ruh düşkünlüyü yaradır, hətta ayda bir dəfə hakimiyyətin “ordu-xalq” adı altındakı səs-küylü təbliğatı balalarından yetim qalan analarının ağılarının səsini alsa belə.

Ordunun avtoriteti dövlət üçün ona görə əsas olmalıdır ki, bu institut yalnız dövlətçilik maraqlarının həll edici rolunu oynamır, eyni zamanda müstəqilliyin qorunması üçün sonuncu imkan amildir. Hər bir əsgər ölümü isə ictimaiyyətlə ordunun arasındakı uçurumu daha da dərinləşdirir, daxilimizdəki müstəqillik ideyasını daha çox öldürür”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə