Serj Sarkisyanın “çarlığı”: boşalan Ermənistan ANALİTİK

Erməni mətbuatı ölkədə adam qalmadığını yazır
Serj Sarkisyanın “çarlığı”: boşalan Ermənistan ANALİTİK

Ermənistanda mövcud olan hazırkı ağır sosial-iqtisadi vəziyyət və siyasi böhran ilk növbədə bu ölkədə yaşayan insanlara zərbələrini vurmaqda davam edir. Belə ki, sonuncu rəsmi statistik məlumatlara görə, ölkə əhalisinin sayı ötən əsrin 70-ci ilindən bu yana ilk dəfə olaraq 3 milyondan azdır. Artıq Ermənistan mətbuatı da bu barədə həyəcan təbili vurmağa başlayıb. SİA xəbər verir ki, sözügedən məsələ barədə "1in.am" saytında yazan erməni analitki Sarqis Artsruniyə görə, ötən bir ildə Ermənistanı birdəfəlik olaraq 15 min insan tərk edib. “Bu, rəsmi statistikadır ki, ictimai rəy ona inanmır və hesab edir ki, ölkəni tərk edənlərin sayı ölçüyəgəlməz dərəcədə çoxdur”-deyə Artsruni öz şərhində qeyd edir.

“Bu hökumətin başında Ermənistanı Sinqapurla və Toskana ilə müqayisə edən baş nazir dayanır”

Erməni analitiki daha sonra yazır: “Hətta rəsmi statistika da gizlətmir ki, ölkədən mühacirət edənlərin dinamikası məhz Serj Sarkisyanın “çarlığı” dövrünə təsadüf edir və əhalinin sayı heç 3 milyonu belə tamamlamır. İnsanlar ölkəni eyni templə seçki ilində də tərk edirdilər...”

Beləliklə, müəllif burada erməni ictimaiyyətinin Sarkisyan iqtidarına heç bir ümid bəsləmədiyi ifadə edərək, mühacirətlərin sayının durmadan çoxalacağını bildirmək istəyir. “Fakt ondadır ki, sözdə keçirilən seçkilər məhz ümidsizliyin və qeyri-dəyişikliklərin fonunda mühacirət mənbəyinə çevrildi”-yazan analitikə görə, insanlar ölkəni tərk etməyə davam edirlər.SİTAT: “Baxmayaraq ki, ölkədə -“yeni nəfəs”i siimvolizə edən hökumət qurulub və bu hökumətin başında Ermənistanı Sinqapurla və Toskana ilə müqayisə edən baş nazir dayanır ki, o bütövlükdə hakimiyyətə yiyələnəcəyi halda investisiyalardan “yağış” vəd edir”.

“Bu ölkələrdə Ermənistandakı boynuyoğunlardan fərqli olaraq, onların övladlarının sağlamlığı və təhsilləri üçün çəkinmədən pullar xərclənir...”

Sarqis Artsruni hesab edir ki, insanlar bu nağıla inanmadılar və ölkədən getməyi daha münbit variant kimi dəyərləndirdilər: “Həmin ölkələrə üz tutdular ki, bu ölkələrdə Ermənistandakı boynuyoğunlardan fərqli olaraq, onların övladlarının sağlamlığı və təhsilləri üçün çəkinmədən pullar xərclənir...”.

Erməni analitki Qarabağ münaqişəsinə də toxunaraq yazır ki, hətta insanlar nə zamansa cəbhədə atəş səslərinin kəsiləcəyinə inansalar belə, erməni hakimiyyət dairələrinin və oliqarxlarının harınlığı ölçüyəgəlməzdir, onlar doymurlar, qane olmurlar. “İnsanlar ona görə qaçırlar ki, rəsmi yalanlardan, falsifikasiyalardan boğazadək doyublar”-deyə qeyd edən Artsruniyə görə, Serj Sarkisyanın boş-boş vədləri heç nəyə yaramır: “Serj Sarkisyan dörd milyonluq Ermənistanın perspektivlərindən dəm vurduqca, insanlar daha çox əmin olmağa başlayırlar ki, ölkə 2040-cı ilə qədər 2 milyonluq “çulana” dönüşəcək. Ona görə ki, bu hakimiyyət qondarma rəqəmlər düzəltməklə, Sarkisyanın boşalan “çarlığının” həqiqətlərini gizlətməyə çalışırlar”.

Beləliklə, görünən budur ki, belə davam edəcəyi təqdirdə işğalçı ölkədə qısa zaman kəsimində ümumiyyətlə, insanların barmaqla sayılacağını proqnozlaşdırmaq mümkündür. Elə erməni analitikinin də dediyi kimi, Sarkisyan “çarlığı” bir ona, bir də özünün komandasından başqa kimsəyə lazım olmayacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə