Son bir ayda İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotiklərin daşınması ilə məşğul olan 9 nəfər tutulub
Son bir ay ərzində İrandan Azərbaycana, buradan isə Rusiya ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 9 nəfər ifşa olunaraq yaxalanıb.Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən SİA-ya verilən xəbərə görə, onlardan ümumilikdə 274 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb, faktlar üzrə 4 cinayət işi başlanılıb.
Qeyd olunub ki, MTN ilə Azərbaycanın müvafiq, eləcə də aidiyyati xarici tərəfdaş strukturların ümumi bəla olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səmərəli əməkdaşlığı sayəsində xüsusi hazırlanan və həyata keçirilən əməliyyatlar uğurla nəticələnib, bu hüquqazidd əməlləri törətmiş şəxslər ifşa olunaraq, onlardan külli miqdarda narkotik vasitələr götürülüb. Belə ki, MTN, Dövlət Sərhəd Xidməti (DSX) və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə həyata keçirilən razılaşdırılmış əməliyyat tədbirləri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu ilə narkotik vasitələrin daşınmasının qarşısı alınıb. Rusiya Federasiyasının vətəndaşı Səfərov Bayram Şəmistan oğlu Sankt-Peterburq şəhərində yaxalanaraq, onun daşıdığı 60 kiloqram həşiş aşkarlanıb götürülüb. MTN və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin daşınması ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşları - İbrahimov Rüstəm İsmayıl oğlu və Donçov Maksim Sergeyeviç Rusiyanın İvanovo vilayətinin Rodniki şəhərində yaxalanıb, onlarda 48 kiloqram 295 qram həşiş aşkarlanaraq götürülüb.
Qeyd olunan zaman kəsiyində MTN tərəfindən ardıcıl olaraq daha bir neçə əməliyyat tədbiri həyata keçirilib. Belə ki, "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Məmmədov Füzuli İman oğlu və Məmmədov Zaur Qadir oğlu saxlanılıb, sonuncunun Astara rayonu Qapçıməhəllə kəndindəki evinə keçirilmiş baxış nəticəsində 33 kiloqram 918.7 qram həşiş aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfər İran İslam Respublikasının vətəndaşı həmin narkotik vasitələri qaçaq yolla İrandan Azərbaycanın ərazisinə keçirib və Astara rayonundakı "İstisu" adlanan yerdə Zaur Məmmədova təhvil verib. Bundan sonra, Zaur Məmmədov və əmisi Füzuli Məmmədov narkotik vasitələri sonuncunun idarə etdiyi "VAZ 2106" markalı avtomaşınla daşımış və gizlədiblər.
Həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - Əliyev Rəşad Əli oğlu, Məmmədov Salman Həmid oğlu, Bağırov Gəray Məmmədəli oğlu və Bağırov Anar Gəray oğlu yaxalanıb, onlardan 131 kiloqram 888,3 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, Əliyev Rəşad, Gəray Bağırov, Anar Bağırov, Salman Məmmədov və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası istiqamətindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan həşiş qətranını gömrük sərhədindən gömrük nəzarətindən kənarda keçirərək Azərbaycan Respublikasına gətirmiş, qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyıblar. Qrupun üzvləri həmin narkotik vasitənin bir hissəsini, yəni 36 kiloqramını xüsusi qaydada mühərrik yağı üçün nəzərdə tutulan 2 ədəd plastmas qablara yerləşdirib və həmin qabların Gəray Bağırovun vasitəsilə Moskva şəhərinə göndərilməsinə cəhd göstəriblər. Keçirilmiş əməliyyat tədbirləri ilə Gəray Bağırov, Anar Bağırov, Salman Məmmədov və Rəşad Əliyev saxlanılıb, sonuncunun idarə etdiyi "Hyundai" markalı avtomaşına baxış nəticəsində mühərrik yağı üçün nəzərdə tutulan 2 ədəd plastmas qabın içərisində gizlədilən 36 kiloqram həşiş qətranı aşkar edilib. Rəşad Əliyevin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Muxtadır küçəsi, 33 saylı evində keçirilən baxış zamanı isə oradan qrupa məxsus 95 kiloqram 888,3 qram həşiş qətranı aşkar edilərək götürülüb.
Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB