Ermənilər ümidlərini Rusiyadan Qərbə doğru dəyişirlər AKTUAL+ANALİTİKA
Erməni ictimaiyyəti bu dəfə ümidlərini baş tutması gözlənilən Serj Sarkisyan-İlham Əliyev görüşünə bağlayıblar. Bu barədə 1in.am saytının analitiki Aram Amatuni öz yazısında qeyd edib. Yazıda digər məqamlara da toxunulub və mahiyyətdə Ermənistanın Rusiyadan imtina etməsi əsas olaraq götürülüb. “Rusiyanın “İzvestiya” qəzeti Rusiya Federasiyasının xarici işlər nazirliyinin adı açıqlanmayan mənbəsinə istinadən yazır ki, ehtimal edilən Sarkisyan-Əliyev görüşü Moskvanın təşəbbüsü ilə təşkil olunacaq, dumanın MDB və Avrasiyaya inteqrasiya işləri üzrə rəhbəri Leonid Kalaşnikov isə bəyan edib ki, regiondan 10 min km uzaqda yerləşən ölkələrlə fikir mübadiləsi aparmaq üçün ayrı-ayrı formatlar və meydanlar istiqamətində hərəkət etməyə gərək yoxdur, əsasən, qonşularla - Moskvayla danışıqlara getmək lazımdır”, - deyə yazılan məqalədə bildirilir.
“Ermənistan nə vaxt ki, o Moskvanın təsiri altına düşürsə, onunüçün təhlükəli məqamlar baş qaldırır”
Amatuni prezidentlərin payız aylarında görüşmələri mümkünlüyü haqqında Serj Sarkisyanın telemüsahibəsində də fikir bildirdiyini xatırladaraq qeyd edib ki, Sarkisyan həmin fikirləri əsnasında görüşün nəticələrindən konkret nə isə gözləmədiyini də bildirib. SİTAT: “Problem əlbəttə ki, gözləntilərdə deyil, problem ondadır ki, Qarabağ prosesi bundan sonra hansı məcrada cərəyan edəcək və burada birmənalı olaraq bir fakt mövcuddur - Ermənistan nə vaxt ki, o Moskvanın təsiri altına düşürsə, onunüçün təhlükəli məqamlar baş qaldırır”.
Bu baxımdan, erməni analitikinin yazısına diqqət yetirərkən növbəti dəfə şahidi oluruq ki, Ermənistanda əsən anti-Rusiya dalğası artıq pik həddə qədər yetişib. Ən azından, prezident Serj Sarkisyanın Qərbə inteqrasiya haqqında verdiyi son qərarları və ara-sıra, ehtiyatlı şəkildə Rusiyaya Azərbaycana silah satdığına görə incikliyini bildirməsi, o cümlədən, erməni ictimai-siyasi dairələrinin də Rusiya əleyhinə çıxışlarını intensivləşdirmələri belə qənaətə gəlməyə zəmin yaradır ki, məhz bu vəziyyət də onlara çıxış yolu açmır. Çünki bu gün demək olar ki, bütün ölkə Rusiyanın idarəçiliyi altında sıxışıb-qalıb və Rusiya bir amana bənddir ki, bir zərbəsi ilə Ermənistanı həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən məhv etsin.
Erməni analitik yazarı nədənsə məhz bu iki qərbli siyasətçilərin bəyanatlarına əsaslanaraq, Rusiya faktorundan imtina amilini ortaya atır
Ona görə də olan-qalan son ümidlərini məhz Qərb siyasi dairələrində axtarmağa başlayan Ermənistanın ictimai-siyasi rəyinin mövqeyi analitik yazar Aram Amatuninin məqaləsində də əks olunur. SİTAT: “Maraqlıdır, gözlənilən Sarkisyan-Əliyev görüşü ərəfəsində ATƏT-in Minsk qrupunun digər iki həmsədr ölkələri ABŞ və Fransa hansı mövqeyi sərgiləyəcəklər. Bu günlərdə Fransanın Azərbaycandakı səfiri bəyan edib ki, Paris Sarkisyan-Əliyev görüşünü təşkil etmək üçün hər zaman hazırdır. Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland da “Amerikanın Səsi”nə bir neçə ay öncə verdiyi müsahibəsində bildirmişdi ki, Ağ evin yeni administrasiyasının xarici siyasəti dəqiqləşdirildikdən sonra ABŞ-ın Qarabağ məsələsindəki daha fəal siyasətini gözləməyə dəyər”.
Beləliklə, erməni analitik yazarı nədənsə məhz bu iki qərbli siyasətçilərin bəyanatlarına əsaslanaraq, Rusiya faktorundan imtina amilini ortaya atır, hətta Qərb diplomatiyasına qahmar çıxaraq bu dəfə onların erməniləri güclü Azərbaycandan xilas edəcəyini düşünür.
“Rusiya özü təklikdə regionu idarə etmək gücündə deyil və sözsüz ki, bu idarəçiliyi Türkiyənin yardımı ilə edəcək”
SİTAT: “ABŞ və Fransanın Qarabağ probleminin həllini Rusiyaya vermələrini sadəlöhvlük hesab etmək olardı. Bu, praktiki olaraq belə bir məna kəsb edərdi ki, onlar bütün Qafqazı (region maraqlarını-R.N.) Rusiyaya təhvil verirlər. Belə ki, burada vəziyyət çoxqatlıdır və Qafqazın Rusiyaya verilməsi amili praktiki olaraq bu regionun xaosla baş-başa buraxılması mənasını kəsb edər. Rusiya özü təklikdə regionu idarə etmək gücündə deyil və sözsüz ki, bu idarəçiliyi Türkiyənin yardımı ilə edəcək. Halbuki ABŞ və Fransa tarixi Rusiya və Türkiyə tandemini xatırlayaraq bundan dərs götürmüşdülər”.
Yəni görünən budur ki, erməni analitiki Amatuni bu və ya digər mənada yalnız Rusiya deyil, o cümlədən Türkiyə faktorunu özünə təhlükə hesab edir. Belə ki, son vaxtlar Rusiya ilə Türkiyə arasında məlum soyuqluqlar aradan qalxandan sonraistiləşən münasibətlərin daha əvvəlki normal münasibətləri üstələməsi, o cümlədən, bu günlərdə Türkiyənin Rusiyadan S-400 uzaq mənzilli raketlər alacağı ilə bağlı yayılan informasiya həqiqətən də erməni tərəfini dalana sıxışdırıb.
Qərb heç də ermənilərə qara qaş və qara gözlərinə görə qucaq açmayacaq
Başqa tərəfdən, Türkiyənin bütün mənalarda Azərbaycanın yanında olması həqiqəti də Ermənistanın Qərbə doğru meyllənməsi marağını artırır. Fəqət, Qərb heç də ermənilərə qara qaş və qara gözlərinə görə qucaq açmayacaq.
Ancaq erməni siyasi icmalçı özünü inandırmağa çalışır ki, Vaşinqton və Paris yenidən tarixin təkrarlanmasına imkan verməyəcəklər.
Amatuni əks halda Ermənistanın siyasi məhvə sürüklənəcəyini etiraf edib. O, Qafqaz regionunun Rusiyanın və Türkiyənin maraqları kontekstində qalacağı təqdirdə Rusiyanın Azərbaycanın mümkün hücumlarının qarşısını ala bilməyəcəyini bildirir. “...Və əgər Paris və Vaşinqton Rusiyanın proseslərdə uduzmağını gözləyəcəklərsə, onda Ermənistan və Qarabağ sadəcə dağıntılar altında qala bilər. Mövcud vəziyyətdə problem həm də ondadır ki, Ermənistan və Qarabağ (burada qondarma “dqr” separatçıları nəzərdə tutulub-R.N.) böyük dağıntıların altında qalmamaları üçün heç nə etmir. Onlar (Ermənistan rəhbərliyi və separatçılar-R.N.) Paris və Vaşinqtonun Ermənistanın və Qarabağın dağıntılar altında qalmamasına biganəlik göstərməmələri üçün hansı addımları atırlar? Bu mənada, Ermənistanın fəaliyyəti qeyri-adekvat olaraq qalmaqdadır və Yerevan gözləmə mövqeyində dayanmaqda davam edir. Hansı ki, siyasi təşəbbüs göstərərək, Paris və Vaşinqtonla praqmatik əməkdaşlıqlar qurmaq olardı...”
Məhz bundan sonra Ermənistanın xəritədə qalıb-qalmaması müzakirə mövzusuna çevrilə bilər
Nəticə etibarilə belə qənaətə gəlmək olar ki, məhz erməni siyasi-ictimai rəyinin baxışlarını analitik yazısına köçürən erməni müəllif artıq hər şeyin başa çatdığına, Ermənistanın dalanda sıxışıb-qalmasına işarə edir. Hər halda Qərb bundan sonra Ermənistana qucaq açsa belə, bu ölkənin Rusiya asılılığından çıxması, ayağa qalxması ciddi görünmür. Bu ölkənin çıxış yolu, yaşaya bilmək yolu yalnız işğal etdiyi torpaqlardan birmənalı olaraq əl çəkməsindədir. Məhz bundan sonra Ermənistanın xəritədə qalıb-qalmaması müzakirə mövzusuna çevrilə bilər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB