Xəbər verildiyi kimi, Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) respublikamızın hər bir rayonunda təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə ictimai dinləmələr keçirir. Növbəti ictimai dinləmə Ağdaş rayonunda təşkil olunmuş, həmçinin bələdiyyələrin işi də müzakirə edilib.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, ictimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər. Tədbiri Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev açıb.
E.Süleymanova respublikamızda, o cümlədən bu rayonda icra olunan MFP və həmin sənədin istiqamətləri, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verib.
Müvəkkil qarşıdan gələn Parlament seçkilərini, seçki kampaniyasına start verildiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.
Tədbirdə Ombudsman bu rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarıb.
Müzakirələrdə rayon hakimi, bələdiyyə sədri olan qadınlar, müəllimlər və digər iştirakçılar çıxış edərək, rayonda MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, bələdiyyələrin fəaliyyəti, rayonda uşaqların və gənclərin tərbiyəsi, gənc nəslin sağlam yetişdirilməsi üzrə görülən işlər, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat veriblər.
Eyni zamanda bir sıra problemlər, o cümlədən rayonda vəkillərin çox az sayda olduğu, insanların öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə həvəs göstərmədiyi, ətraf mühitə ziyan vuran sakinlərin mövcudluğu, məhkəmə qərarlarının icrasında çətinliklər, alimentlərdən boyun qaçırma səsləndirilib.
Müvəkkil rayon rəhbərliyi ilə birgə şikayətçilərin müraciətlərini dinləmiş, səlahiyyətləri çərçivəsində bu məsələləri araşdıracağını bildirib.
E.Süleymanova səfər çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə müvafiq standartlara uyğun Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına baxış keçirmiş, saxlanılan şəxslərlə söhbət aparmış, onlara hüquqlarını izah edib. Həmin şəxslər burada saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər. Müvəkkil saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB