Alxanlı sakinləri beynəlxalq təşkilatlardan haqq-ədalətin təmin olunmasını istəyir

Xarici KİV nümayəndələri və hərbi attaşelər erməni vəhşiliyinin qurbanı olmuş 2 yaşlı Zəhranın və nənəsinin məzarını ziyarət ediblər

Xarici KİV nümayəndələri və hərbi attaşelər erməni silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində həlak olan mülki şəxslər - 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın qəbrini ziyarət ediblər. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, kənd sakinləri beynəlxalq təşkilatlardan haqq-ədalətin təmin olunmasını, xarici KİV nümayəndələrindən isə erməni silahlı bölmələri tərəfindən dinc insanların öldürülməsi faktını dünya ictimaiyyətinə çatdırılmasını istəyiblər.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin ardıcıl və davamlı şəkildə ağır silahlardan açdığı atəş nəticəsində 2 yaşlı uşağın qətlə yetirilməsi Ermənistan hökumətinin Xocalı faciəsində törətdiyi amansız qətliamın davamı və eyni qaniçən zehniyyətin növbəti məhsuludur. 2016-cı il aprel ayının əvvəlində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki mövqelərindən qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır silahlardan hədəfə almış, nəticə olaraq Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qalmışdır. Törədilən vandalizm aktı nəticəsində aralarında uşaqlar da olmaqla, 6 nəfər həlak olmuş və 33 nəfər ağır yaralanmışdır. Eyni zamanda məktəblər, xəstəxanalar, təsərrüfat obyektləri ağır artilleriya aramsız hücumlarına məruz qalmış, ciddi zərər görmüşdür.

Qeyd edək ki, Alxanlı kəndinə səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, “Amerikanın Səsi”, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri, habelə, 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Səfər edənlər arasında ABŞ, Rusiya, Pakistan, Çin, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatı da var.

Səfər Azərbaycan Respublikası Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə