Bu gün İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının Sammiti keçirilib

Bu gün Türkdilli Ölkələrin Dövlət Başçılarının sammiti Türkiyə prezidenti Abdullah Gülün ev sahibliyi ilə başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, prezident Gül "Çırağan" sarayında zirvəyə qatılan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstanın keçid dövrü prezidenti Roza Otunbayeva və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovu iclasın keçirildiyi Balo zalının girişində qarşılayıb.
Açılış nitqi ilə çıxış edən Abdullah Gül qardaş ölkələrin dövlət başçılarını və onların xanımlarını Türkiyədə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçıları ilə görüşün onun üçün xüsusi önəm kəsb etdiyini vurğulayan prezident qeyd edib ki, qardaş xalqlarımızın, ölkələrimizin ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanan güclü bağlılıqları var.
Daha sonra gündəmdə çox önəmli mövzuların olduğunu bildirən Türkiyə dövlət başçısı ölkələr arasında Naxçıvanda imzalanan bəyannamə ilə ölkələrin əməkdaşlığın genişləndirildiyini və Türkiyənin bu mövzuya verdiyi önəm səbəbi ilə Naxçıvan Bəyannaməsini qısa vaxtda da təsdiqləyini vurğulayıb.
Gül bildirib ki, bütün iştirakçı ölkələr imzaların təsdiqlənməsi əməliyyatını başa çatdırmasalar da Naxçıvan bəyannaməsinə əsasən yaradılmalı olan orqanların qurulması işini aparırlar. Naxçıvanda verilən qərarlardan birinin də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması olduğunu vurğulayan Gül onu da qeyd edib ki, şuranın katibliyi İstanbulda olacaq, bu günkü görüşdə katibliyin qurulması ilə bağlı yekun qərarlar veriləcək və katib seçiləcək: "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasınıın bizə atalarımızdan miras qalmış ortaq dil, mədəniyyət və dəyərləri qorumaq, genişləndirmək və gələcək nəsillərə çatdırmaq baxımından əhəmiyyətli iş görəcəyinə inanırıq. Bu səbəbdən eyni millətə mənsub olmaqdan qürur duyan xalqlarımız arasındakı əzəli və əbədi qardaşlıq bağlarının artıq konkret əməkdaşlığa çevriləcəyini düşünürük. Bu günki müşavirəmizdə müştərək mənafelərimizi maraqlandıran bütün mövzularla bağlı əhatəli fikir mübadiləsi aparacağıq. Paylaşdığımız coğrafi mühitin geniş əməkdaşlığa şərait yaratması ilə bərabər bəzi problemləri də var. Bu səbəbdən də hesab edirik ki, irəlilətməyi düşündüyümüz regional əməkdaşılq və həmrəylik bölgə üçün çox əhəmiyyətlidir. Ortaq məqsədimiz bir tərəfdən ölkələrimiz və xalqlarımızı bir-birinə daha möhkəm birləşdirəcək əməkdaşlıq imkanları yaratmaq, digər tərəfdən bu əməkdaşlıqdan bölgədə barış, sabitlik, dinclik və rifahının gücləndirilməsi üçün istifadə etməkdir. Ortaya qoyduğumuz bu əməkdaşlıq modelinə təşkilati quruluş qazandırılmasının bölgə və bu coğrafi ərazidə yaşayan xalqlara da hər baxımdan fayda verəcəyini düşünürük". Dövlət başçısı Gül dünən sammit öncəsi ölkələrin xarici işlər nazirlərinin də toplantı keçirdiyini bildirib. O, Ankarada fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı baş katibliyi və Bakıda yerləşəcək Türkdilli ölkələrin Parlament Assambleyasının qısa vaxtda təqdim ediləcəyini və Türk Əməkdaşlıq Şurasının quruşması ilə "Əməldə Birlik" şüarını həyata keçirən tarixi bir addım atıldığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...