Lyuksemburqlu siyasətçidən daha bir

HƏYASIZLIQ
Lyuksemburqlu siyasətçidən daha bir

Avroparlamentin Lüksemburqdan olan və ermənipərəstliyi ilə seçilən deputatı Frank Engel növbəti dəfə öz həyasızlıq xarakterli bəyanatı ilə yadda qalıb. SİA-nın məlumatına görə, “Politico” nəşrinə müsahibə verən bu şəxs bildirib ki, hətta Avropa Parlamenti və Azərbaycan tərəfindən xəbərdarlıq almasına baxmayaraq, yenidən işğal altında olan ərazilərimizə səyahət etmək fikrindədir.

Xatırladaq ki, bu ilin fevralında qeydiyyata alınmayan “Avroparlament-“artsax”” dostluq cəmiyyətinin sədri olan Engel daha üç deputat ilə “dqr”ə səfər edib və orada keçirilmiş “konstitusiya islahatları referendumunu” müşahidə edib. Nəticədə Avropa Parlamentinin rəhbərliyi onun bu addımını qınayıb, Azərbaycan tərəfi isə Engelin adını qara siyahıya salaraq, haqqında axtarış olması barədə İnterpola rəsmi müraciət edib.

Qeyd edək ki, Lüksemburqlu ermənipərəst deputatın bu kimi qanunsuzluqlara getməsinə səbəb kimi, arvadının erməni olması da göstərilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə