Müxalifətdə kimlər və nəyə görə qanun qarşısında cavab verməlidir?
Son zamanlar siyasi müxalifət daxilində yaşanan qarşıdurmalardan biri də "mühacir biznesi" ətrafında yaşanan ziddiyyətlərdir. Daha dəqiqi desək, bu ziddiyyətlərin yaranmasına səbəb Qərb ölkələrinə müxtəlif adlar altında köçərək, orada yaşamaq izni almaq üçün əl-ayaqdan gedən insanlara partiya vəsiqələri satmaqdan ibarətdir ki, AXCP və Müsavat kimi siyasi təşkilatlar bu məsələdə bir-birləri ilə qeyri-qanuni biznes rəqabətinə girişiblər.
"Mühacir biznesinin" yaranmasına səbəb xarici donorların Azərbaycana tərəf uzanan əllərinin "kəsilməsidir"
Milli və dövlət maraqlarını ayaqlar altına ataraq, guya Azərbaycanda katastrofik dərəcədə demokratiya qıtlığını "əsas" gətirərək guya mitinqlərdə "fəallıq" göstərmiş insanlara, yəni saxta müxalifətçilərə saxta vəsiqələr verən partiya "liderləri" hətta qiymət preskurantları da müəyyənləşdirərək, müxtəlif adlarda təkliflər irəli sürməklə məşğuldurlar. Artıq bu barədə kifayət qədər məlumatlar mediada yazılıb, faktlar və sübutlar da öz təsdiqini tapıb.
Ümumiyyətlə, heç bir siyasi fəaliyyəti olmayan şəxslərin Avropada siyasi mühacir kimi yaşaması onsuz da yeni hadisə deyil. Belə ki, siyasi partiyaların və siyasiləşmiş QHT-lərin xarici donor təşkilatlarından qarantlar almalarını əngəlləyən qanun qüvvəyə mindikdən sonra, radikal xarakterli müxalifət partiyaları dərhal qazanc amili kimi məhz "mühacir biznesini" icad etdilər.
Başqa tərəfdən, insanların "siyasi mühacirətə" necə getmələri, hansı üsulla yollar tapmaları sualı daim müzakirə mövzusu olaraq qalmaqdadır. Yəni, onların necə, nə zaman müxalifətçilik etmələri, partiya biletini necə əldə etmələri verilən əsas suallardan biridir.
"Ağ Partiya" sədri: "Demokratiya adı altında ədalətsizlik edir və heç bir siyasi fəaliyyəti, əziyyəti olmayan adamlara partiya vəsiqəsi verirlər"
Bu arada, sabiq müsavatçı funksioner, "Ağ Partiya"nın sədri Tural Abbaslının sözügedən mövzu ilə bağlı fikirləri ilgincdir. SİA-nın məlumatına görə, T.Abbaslı bu barədə fikirlərini açıqlayarkən deyib ki, ümumiyyətlə, saxta vəsiqə verən partiya sədrləri cəzalandırılmalıdır: O, siyasət üzərindən qeyri-qanuni biznes quran "liderləri" dırnaqarası müxalifətçi hesab etdiyini deyərək qeyd edib ki, əslində bu məsələdə günahkar olan iki tərəf var. SİTAT: "Bunlardan biri "müxalifət"dir ki, nələrinsə qarşılığında bu cür vəsiqələri verirlər. Demokratiya adı altında ədalətsizlik edir və heç bir siyasi fəaliyyəti, əziyyəti olmayan adamlara partiya vəsiqəsi verirlər. Saxta vəsiqələr hesabına isə həmin şəxslər mühacirətə gedirlər".
Real müxalifətin bu cür fəaliyyət göstərməli olmadığını deyən "Ağ Partiya" sədri əsl müxalifətçinin elə özünün, eyni zamanda digər normal fəaliyyət göstərən müxalifət qurumlarının olduğunu bildirib. "Bu məsələdə haqsızlıqlar son dövrlər özünü daha qabarıq şəkildə göstərir"-deyə qeyd edən T.Abbaslı "siyasi mühacir" biznesi ilə məşğul olan düşərgə təmsilçilərini haqsız olduqlarını vurğulayıb. Partiya sədri qəti şəkildə bu işlə məşğul olanların qanun qarşısında cavab verməli olduqlarını vurğulayıb: "Bu baxımdan hesab edirəm ki, saxta müxalifətçilər, onlara vəsiqə verən partiya sədrləri ciddi şəkildə cəzalandırılmalıdır".
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB