Azərbaycanlı müəlliflərin kitabları Kaliforniya kitabxanasında yerləşdirilə bilər

Azərbaycanlı müəlliflərin kitabları Kaliforniya kitabxanasında yerləşdirilə bilər
"İRƏLİ" İctimai Birliyinin Media Akademiyasında "Mədəniyyət həftəsi" davam edir. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Ali və Nino" mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli, Milli Kitab Mükafatının II yer sahibi, yazıçı Əjdər Ol və ABŞ-ın Kaliforniya Universitetinin kitabxanaçısı Liladhar Pendtse tələbələrlə görüş keçiriblər. Əjdər Ol - "Gənclər vaxtını dəyərləndirməli, çətinliklərə qarşı dözümlü olmalıdır. Deviziniz vaxt itirməmək olsun. Ən azından mütailə edin. Amma bekar qalmayın. Çünki bekar adamlar ən təhlükəli insanlardır", - deyə gəncliyə səslənib.

Ölkəmizə gəlməkdə məqsədi Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq olan Liladhar Pendtse isə Azərbaycanlı müəlliflərin kitablarını Kaliforniya kitabxanasında yerləşdirmək istəyindən söz açıb. Görüşün ikinci yarısında tanınmış teleaparıcı Nərgiz Cəlilova və Azərbaycanın əməkdar artisti, müğənni Tünzalə Ağayeva tələbələrlə görüşə qatılıb. Nərgiz Cəlilova mediada mədəniyyət sahəsində mövcud olan yeknəsəklikdən danışıb, professional aparıcı olmaq üçün lazımi keyfiyyətləri sıralayıb. Tünzalə Ağayeva isə hazırda keçid dövründə Azərbaycan musiqisinin durumundan söz açıb. O, "dünyadakı müasir musiqidən yaxşı mənada bəhrələnmək vacibdir. Lakin öz milli koloritlərini qorumaq şərtilə" - deyə tələbələrə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə