"Prezidentin Cocuq Mərcanlıda çıxışı işğalçıya mesaj idi" AÇIQLAMA

"Prezidentin Cocuq Mərcanlıda çıxışı işğalçıya mesaj idi" AÇIQLAMA

“Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlıda səfərdə olarkən söylədiyi fikirlər həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə, həm BMT-yə, həm də işğalçı Ermənistana mesaj idi. Ölkə başçısı hər zaman olduğu kimi, bu dəfə də bildirdi ki, məsələlərə ikili standartlarla yanaşmaq doğru deyil”. Bunu SİA-ya Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Hələ də BMT-nin işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz boşaldılmasına dair 4 qətnaməsinin yerinə yetirilmədiyini deyən polkovnik söyləyib ki, aparıcı dövlətlər Ermənistana işğala son qoyulması üçün təzyiq göstərməlidirlər: “Azərbaycan prezidenti Cocuq Mərcanlıda olarkən bir daha işğalçı dövlətə mesaj göndərərək söylədi ki, erməni işğalçıları gec-tez işğal etdikləri Azərbaycan torpaqlarından getməli olduqlarını bilməlidirlər. Ölkə başçısı həmçinin söylədi ki, Azərbaycan ordusu güclənir, əsgərlərimizin mənəvi-psixoloji durumu yüksəkdir. Ona görə də ordumuz gec-tez erməni işğalçılarını torpaqlarımızdan çıxaracaq. Amma, hələ şansları var ki, sakit şəkildə işğal etdikləri torpaqlarımızı boşaltsınlar”.

C.Xəlilov qeyd edib ki, Cocuq Mərcanlıda abadlıq işlərinin aparılması, sakinlərin ora geri qayıtması, onlar üçün sosial şəraitin qurulması təsadüfi deyil: “Azərbaycanda vətəndaşların məişət şəraitinin yaxşılaşdırılması üçün silsilə tədbirlər həyata keçirilir. Erməni işğalından azad edilmiş yaxın kəndlər abadlaşdırılır, Cocuq Mərcanlı yenidən bərpa olunur. Erməni təcavüzünə məruz qalan Cocuq Mərcanlı darmadağın edilmişdi. Hazırda kənd yenidən bərpa olunub. Yüksəkliklərdə nəzarəti yenidən ələ keçirən ordumuz Cocuq Mərcanlı sakinlərinin təhlükəsiz yaşayışını təmin edib. Cocuq Mərcanlının abadlaşdırılması təsadüfi deyil. Bu, bir mesajdır ki, erməni işğalçıları tərəfindən dağıdılan bütün ərazilər bərpa olunacaq, sakinlər öz torpaqlarına geri qayıdacaqlar, bayrağımız Şuşada, Xankəndində dalğalanacaq. Buna həm Azərbaycan xalqı, həm dünya ölkələri, həm də işğalçı Ermənistan əmin olsun”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə