Azərbaycan MDB məkanının ən xeyirxah və səxavətli ölkəsidir

Beynəlxalq Xeyriyyə Yardım Fondunun (Charities and Aid Foundation) "əliaçıqlıq" indeksinə dair növbəti hesabatında Azərbaycan MDB məkanının ən xeyirxah və səxavətli ölkəsi sayılıb.

SİA-nın məlumatına görə, Bi-Bi-Si telekanalının yaydığı hesabatda bildirilir ki, fond xeyirxahlığın dərəcəsini təkcə pul yardımı ilə deyil, xeyirxahlığa sərf edilən vaxt və kimsəsiz insanların himayə olunması amilləri ilə müəyyənləşdirib. Dünyanın 153 ölkəsi arasında aparılmış sorğunun yekunlarına görə, dünya əhalisinin ümumən 20 faizi könüllü humanitar yardım, 30 faizi maliyyə yardımı göstərmiş, 45 faizi isə yoxsul insanlara arxa-dayaq olub.

Siyahıda 67-ci yeri tutan Azərbaycan pulla yardıma görə keçmiş sovet respublikaları arasında liderdir. Azərbaycanda yardımın 22 faizi pulla, 23 faizi yaxşılığa sərf olunan vaxtla edilmiş, xeyirxahlığın yoxsullara əl tutulması forması 48 faiz təşkil edib. Hesabatda Heydər Əliyev Fondunun Azərbaycan əhalisinin maddi rifahının və tərəqqisinin yüksəlməsinə hesablanan yüzlərlə layihəsi vurğulanıb. Ümumiyyətlə, Azərbaycan Şərqi Avropa ölkələri arasında Kipr və Sloveniyadan sonra üçüncü yerdə olmuş, Belarus, Ukrayna, Qırğızıstan, Qazaxıstan və Baltikyanı ölkələri qabaqlayıb.

Dünyanın ən əliaçıq ilk 10 ölkəsi sırasına isə Avstraliya, Yeni Zelandiya, Kanada, İsveçrə, İrlandiya, ABŞ, Hollandiya, Böyük Britaniya, Avstriya və Şri-Lanka daxildir.

Məlum olub ki, xoşbəxt insanlar xeyirxahlığa daha meyllidirlər. Əliaçıqlıq cinsə görə də fərqlənmişdir. Belə ki, dünya üzrə maliyyə yardımının çoxunu qadınlar ediblər.

Hesabatda Ermənistanın adı ayrıca çəkilir və bildirilir ki, bu ölkə əhalisinin yalnız 6 faizi pul yardımı göstərə bilir. Bu isə ən aşağı göstəricilərdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə