Əkbər Qoşalı: “İki ölkə arasında münasibətlər zəngin təcrübəyə malikdir” AÇIQLAMA
“Azərbaycanla Gürcüstan arasındakı münasibətlər zəngin təcrübəyə malikdir. Elə bilirəm, bu təcrübəni gürcü qonşularımız yaxşı bilir və xatırlayırlar ki, biz dövlət olaraq, xalq olaraq tarixin hansı keşməkeşli dönəmlərində onlara necə və neçə dəfə kömək etmiş, hətta güzəşt etmişik”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumunun İH üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı terrorçu, işğalçı siyasəti, dərində - keçmişi, gələcəyi ilə Gürcüstana qarşı da yönəlib; bu gerçəyin fərqində olmaq üçün “gürcüləşmiş ermənilər”i, Axalkələk bölgəsindəki ermənilərin erməniliyini... xatırlatmaq yetərlidir: “Gürcü qonşularımız özləri daha yaxşı bilir, Gürcüstan vətəndaşı pasportu daşıyan ermənilər gürcü dövlətinə nə qədər sadiqdir... (sadiqdirmi?) – Bax, bunun müqabilində, bir yanda Türkiyə, bir yanda Azərbaycan kimi barışçı, qonşu kimi qonşularla münasibətin qədir-qiymətini bilmək gərəkdir.
Bir təsəvvür edin: iki qardaş ölkə Gürcüstandan əlini çəksə, nə olar?.. Odur ki, ant-Azərbaycan qüvvələrin felinə uymaq, onların oyununa gəlmək gürcü qonşularımıza yaraşmır və bu, bizdən öncə, onların özlərinə xeyir gətirməz. Əgər kimlərsə keçici siyasi gedişlər adına bir şey edirsə də, gürcü dövləti, dövlətin sorumluluğunu daşıyanlar ən azı diplomatik kanallarla həqiqətin yanında olduqlarını bildirməli, Gürcüstan vətəndaşları olan, öz dədə-baba torpaqlarında yaşayan çoxminli soydaşlarımızın da heysiyyatının qorunması qayğısına qalmalıdır.
Gürcüstan müəyyən lobbi gücünə malik olsa da, diaspor gücü haqqında bunu demək çətindir. Ermənilər Gürcüstan da daxil olmaqla, dünyanın çox yerində diaspor gücünə malikdir. Üstəlik, o gücə sahib olan “ölkə” Gürcüstanın ərazi bütövlüyünü ciddi təhdid edən böyük qonşunun “forpost”udur. Digər yandan: bir düşünün – Ermənistan Gürcüs¬tana nə verə bilər, Azərbaycan nə..? – Gürcüstan yetkililər bu və bənzəri amilləri göz önündə tutunca həqiqətə daha da yaxınlşaşmış olur...
Elə bilirəm, yenə Gürcüstan-Azərbaycan münasibətlərində məhz sağlam düşüncə, məntiq, gələcəyə parlaq baxış qalib gələcək; gərginlik yaratmaq istəyənlər isə “cəhd”dən o tərəfə gedə bilməyəcək”- deyə, Ə.Qoşalı fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB