Ziyafət Əsgərov: "Metsamor AES-in təhlükəli olması müzakirə olunmalıdır"
SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.
Azərbaycan Konstitusiyasında Sosial hüquqların təminatı ilə bağlı xeyli müddəanın olduğunu deyən Z. Əsgərov ölkəmizin bu sahədə bir sıra konvensiyalara qoşulduğunu dilə gətirib: "Bu konvensiyalar bu gün Azərbaycanda fəaliyyətdədir. Bəzən avropalı həmkarlar bu məsələlərlə bağlı elə standartlar tələb edirlər ki, onu yerinə yetirmək çətin olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini 20 ildən bir qədər artıqdır, təmin edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir. Azərbaycan həmçinin 20 faiz ərazisini itirib. Biz işğala məruz qalmışıq. Ölkədə 1 milyondan artıq məcburi köçkün və qaçqın var, onların 300 mini uşaqdır. Azərbaycan bu gün bu problemlərlə yaşayır. Buna baxmayaraq, dövlət öhdəsinə düşən öhdəlikləri yerinə yetirir və yetirəcək”.
Gündəlikdə miqrant məsələsinin olduğunu dilə gətirən Milli Məclisin I vitse-spikeri qeyd edib ki, sözügedən problem dünyada uzun müddətdir davam edir: “Bu gün Suriya, İraq qaçqınlarından danışılır. Lakin 25 il əvvəl 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Niyə o vaxt bu barədə danışılmırdı? Burada ikili standartlar da var. Həmçinin Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının potensial təhlükəsi də müzakirə olunmalıdır. Bu stansiya region üçün ən təhlükəli AES-dir. SSRİ texnologiyası ilə tikilib. Orada bir hadisə baş versə, Avropa üçün çox böyük təhlükə yaradar. Ermənistan üstəlik seysmik zonada yerləşir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB