ABŞ dövlət katibinin müavinin köməkçisi Tina Kaydenau sabah Azərbaycan müxalifəti ilə görüşə gəlir - SON XƏBƏR

ABŞ dövlət katibinin müavinin köməkçisi Tina Kaydenau sabah Azərbaycan müxalifəti ilə görüşə gəlir - SON XƏBƏR

ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydenaunun sabah Azərbaycana səfəri gözlənilir. Etibarlı mənbədən SİA-ya verilən xəbərə görə, parlament seçkiləri öncəsi Azərbaycana qısamüddətli səfəri zamanı Tina Kaydenaunun müxalifət liderləri ilə görüşü planlaşdırılır. ABŞ-ın Azərbaycandakı Səfirliyinin rezidensiyasında təşkil olunacaq görüşdə müxalifət liderləri Əli Kərimlinin, İsa Qəmbərin, Eldar Namazovun və digərlərinin iştirakı gözlənilir.

AXCP sədrinin müavini Nurəddin Məmmədli açıqlamasında görüşlə bağlı məsələdən xəbərsiz olduğunu bildirib. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının münasibəti isə bir az şübhə doğurub. Belə ki, partiya rəsmisi əvvəlcə sualı mətbuat xidmətinə ünvanlamağı məsləhət görüb. Mehman Cavadoğluna etdiyimiz zəng cavabsız qalıb. Sonra yenidən A.Hacılı ilə əlaqə yaratdıq və İcra Aparatının rəhbəri görüşdə İsa Qəmbərin iştirak edəcəyini deyib.

"Azərbaycan Naminə" İctimai Forumun (ANİF) rəhbəri Eldar Namazov da görüşün keçiriləcəyini təsdiq edib, lakin gündəlikdə nələrin müzakirə olunacağından xəbərsiz olduğunu bildirib.

Mənbə bildirib ki, digər siyasi qurumlarla T.Kaydenaunun görüş keçirəcəyi ilə bağlı dəqiq məlumat yoxdur.

 

Məlumatla bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi ilə əlaqə saxladıq. Lakin 18:00 da iş vaxtının bitdiyini deyən şəxs səfirlikdə rəsmilərdən heç kimin olmadığını bildirdi. Məsələ ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə