İltimas Məmmədov: "Peyk sahəsinə ayrılan vəsait dünyada digər sahələrdən ən tez gəlir gətirən bir sahədir"

"Nazirlik interenetin qiymətini aşağı salmır, əksinə ümumi tədbirlər görür ki, qiymətlərin aşağı salınması üçün baza yaratsın". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən rabitə və informasiya texnologiyaları naziri İltimas Məmmədov bildirib ki, internet lisenziyalaşmayan xidmət sahələrinə aiddir. O vurğulayıb ki, bu sahədə fəaliyyət göstərən operatorlardan yalnız 35 provayderdən yalnız 2-si dövlətə məxsusdur, qalan hamısı özəl provayderlərdir.

"İnterneti ölkəmizə gətirən də özəl şirkət və ya özəl provayderlərdir. Sadəcə, nazirliyin ayırdığı resursların qiyməti aşağı salınır və yaxud yeni xidmətin gətirilməsinə şərait yaradılır ki, provayderlər qiyməti aşağı salsınlar. İnternet qiymətləri, provayderlərin aldığı qiymətin səviyyəsi və provayderlərin istifadəçilərinə satım qiyməti aşağı düşüb. Ötən il bir meqabit internet 100 manatın ətrafında idisə, bu gün 20 manata düşübsə, bu aşağı düşmək deyilmi? Bu gun ölkəmizdə bir meqabit interneti 20 manata, hətta ondan aşağı da almaq olar. Bu operatorlardan asılıdır. Bu hal bütün dünyada belədir. İstifadəçi internetin provayderini sərbəst seçir və heç kimə məcbur edilmir ki, yalnız bu provayderi seçməlisən. Hansı provayderin xidmətləri onlara sərf edirsə, istifadəçilər də onu seçir. Azərbaycanda internetin region üzrə qiyməti bütün respublikalarda olan internetin orta qiymətlərinden aşağı səviyyədədi. Əgər kimdəsə bununla bağlı hər hansı bir şübhə varsa, biz onlara statistik rəqəmlər, faktlarla təsdiq etməyə hazırıq", - deyə o əlavə edib.

Azərbaycan telekommunikasiya peykinin 2012-ci ildə orbitə çıxarılması ilə bağlı məsələyə münasibət bildirən İ.Məmmədov qeyd edib ki, bu istiqamətdə hazırda işlər gedir. İlkin istehsalçı ilə müqavilə bağlandığını deyən nazir müavini vurğulayıb ki, peykin orbitə qaldırılmasından əvvəl mütləq sığortalanması həyata keçirilir: "Qəza halları baş verdikdə bu hallar nəzərə alınmalıdır. Qazaxıstan peykində müəyyən hadisənin baş verməsinə baxmayaraq yaxın günlərdə Qazaxıstan növbəti peykini qaldıracaq. Dünyada aparılan araşdırmalara görə, peyk sahəsinə ayrılan vəsait dünyada digər sahələrdən ən tez qayıdan və ən tez gəlir gətirən bir sahədir. Məhz buna görə Azərbaycan bu sahədə israrlıdır və işlər davam edir. Hər hansı peykin uğurlsuzluğu bizi bu işden dayandıra bilməz. Ardıcıl işimizi davam etdirmək niyyətindəyik. Azərbaycanın peyki zamanında qalxacaq və düşünürəm ki, Azərbaycan məqsədlərə uyğun gəlirləri peykdən əldə edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə