YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib

Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 3-də Beyləqən və Fizuli istiqamətində cəbhə xəttində N saylı hərbi hissədə olub, əsgər və zabit heyəti ilə görüş keçiriblər. Təmas xəttində olan və əsgərlərlə nahar edən partiya üzvləri əsgərlərə YAP adından sovqat veriblər.

Nümayəndə heyəti, həmçinin, İran və işğal olunmuş Azərbaycan əraziləri istiqamətindəki müşahidə məntəqələrinə baş çəkib, vətən keşiyində mərdliklə dayanan əsgərlərimizin həyat şəraiti ilə yaxından tanış olublar.

Sonra YAP üzvləri Beyləqan rayonunda Ümummilli Liderin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

SİA-nın verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində tanınmış ictimai və siyasi xadimlər, o cümlədən YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, millət vəkilləri Musa Quliyev, Mirkazım Kazımov, Əhəd Əhmədov, Siyasi Şuranın üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu və "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev olub.

Partiyanın nümayəndə heyəti YAP Beyləqan rayon təşkilatı üçün inşa edilən binanın tikintisi ilə də tanış olublar. Rayon təşkilatının sədri Rəfail Pəsiyev inşaat işlərinin gedişi barəsində nümayəndə heyətinə geniş məlumat verib.

Yeni Azərbaycan Partiyasının üzvləri Beyləqan rayonundakı inşa edilmiş yeni obyektlərə, açıq səma altında olan tarix-diyarşünaslıq muzeyinə, soyqırım abidəsinə də baş çəkiblər.

Səfər bu gün sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...