Ombudsman növbəti ictimai dinləmələri Füzuli rayonunda keçirib

Ombudsman növbəti ictimai dinləmələri Füzuli rayonunda keçirib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova "İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın (MFP) icra vəziyyəti ilə əlaqədar növbəti ictimai dinləmələri Füzuli rayonunda keçirib.

SİA-nın məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov MFP-nin icrası sahəsində Füzuli rayonunda görülən işlər barədə məlumat verib.

Müvəkkil Elmira Süleymanova "İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın tətbiqi vəziyyəti, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər" mövzusunda məruzə edib. Ombudsman Milli Fəaliyyət Planının məqsəd və vəzifələri, insan hüquqları üzrə müvəkkilin bu sahədəki fəaliyyəti barədə ətraflı məlumat vermiş, hüquq-mühafizə orqanları və məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Tədbirdə 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Yusif Hüseynov çıxış edərək vətəndaşların seçki hüququnun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Mövzu ilə bağlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə