Sərdar Cəlaloğlu: “Daha real iş apara biləcəyimiz dairələrdə namizədləri müəyyənləşdirdik” - SEÇKİLƏR

Sərdar Cəlaloğlu: “Daha real iş apara biləcəyimiz dairələrdə namizədləri müəyyənləşdirdik” - SEÇKİLƏR

"Qarabağ" Seçki Bloku 85 dairə üzrə namizədini müəyənləşdirib və daha 5-6 namizəd seçki müddətinin başlanmasına kimi məlum olacaq. SİA-ya açıqlamasında bu sözləri blokun təmsilçilərindən biri, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

 

Aydınlar Partiyasının bloka sonradan qoşulmasının namizədlərin müəyyənləşməsi işində çətinlik yaratmadığını söyləyən partiya sədri bildirib ki, konsensusun əsas şərt olması ilə bağlı əvvəlcədən də razılıq əldə olunub: "Razılaşmışdıq ki, qrup maraqları kollektiv, ictimai maraqlara güzəştə gedilməlidir. Aydınlar Partiyası 12 namizəd irəli sürdü və həmin 12 namizədin seçki dairələrinə yerləşdirilməsi üçün Ümid 8 namizədini geri çəkdi. Digər 4 namizədi isə biz geri çəkdik".

 

Aydınlar Partiyasının bloka qoşulmamışdan əvvəl ADP ilə Ümid Partiyası arasında seçki dairələrin bölüşdürülməsində istifadə olunan prinsiplərə gəlincə, S.Cəlaloğlu bu zaman xüsusi bir prinsipdən istifadə olunmadığını qeyd edib: "Sadəcə olaraq bəzi dairələrdə bizim namizədlərimiz olmadığı halda, Ümid Partiyasının həmin dairələrdə namizədləri var idi. İki partiyanın 150-ə yaxın namizədi var idi. Ümidin 20-ə yaxın namizədi bizim namizədlərlə üst-üstə düşməyib. Qalan dairələrin bərabər bölünməsi nəticəsində Ümidin 20 namizədi çox oldu. Nəticədə ADP-nin 34, Ümidin isə 54 namizədi müəyyənləşdi".

 

"Seçki Blokunun 125 seçki dairəsinin hamısında iştirak etməyə gücü var idimi?" sualına cavab olaraq ADP sədri bildirib ki, qüvvələri mümkün qədər paylaşdırmamağa çalışıblar: "Daha real iş apara biləcəyimiz dairələrdə namizədləri müəyyənləşdirdik".

 

Bir sıra müxalifət partiyalarının müxalifət liderlərinin olduğu seçki dairələrindən namizədlərini geri cəkmə ehtimalı ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirən ADP sədri "Qarabağ" Seçki Blokunda belə bir halın olmayacağını vurğulayıb: "Mən hesab edirəm ki, bu üzvlərimizə xəyanət ola bilər. Bu eyni zamanda demokratiyaya böyük bir zərbə olardı. Nəyə görə, siravi üzvlərdə vahid namizəd məsələsi müəyyənləşməlidir, partiya rəhbərləri ilə bağlı bu müəyyənləşdirilməməlidir? Bunu yalnış bir addım hesab edirəm, bu demokratiyanın pozulmasına cəhd ola bilər. Eyni zamanda liderlərin şəxsi maraqlarına xidmət edən bir hal kimi qiymətləndirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə