Bakıda “Kibernetika və informatika problemləri” III Beynəlxalq konfransı keçiriləcək

Bakıda “Kibernetika və informatika problemləri” III Beynəlxalq konfransı keçiriləcək
6 sentyabr 2010-cu il saat 10.00-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Böyük akt zalında "Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı öz işinə başlayacaq. AMEA-dan SİA-ya verilən xəbərə görə, beynəlxalq konfrans informasiya və kommunikasiya texnologiyaları, intellektual texnologiyalar və sistemlər, modelləşdirmə və identifikasiya, tətbiqi stoxastik analiz, idarəetmə və optimallaşdırma, sosial-iqtisadi sistemlərdə qərarların qəbul edilməsi, ədədi üsullar və hesablama texnologiyaları üzrə elmi istiqamətləri əhatə edir.

Konfransın təşkilatçıları AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AR Təhsil Nazirliyi, "Abdus Salam" Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA Kibernetika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, BDU Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Texniki Universitetidir. Konfransda ABŞ, Rusiya, İtaliya, Koreya, İran, Türkiyə, Gürcüstan, Belarus və digər ölkələrdən olan alimlərin iştirakı nəzərdə tutulub.Konfrans öz işini 8 sentyabr tarixinədək seksiyalar üzrə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə