Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub

Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı təntənəli mərasimdə nitq söyləyib.

Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının yaradılması münasibətilə təbriklərini çatdırıb. Böyük bir sahəni əhatə edən Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışan dövlətimizin başçısı deyib ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür və gələcəkdə meydanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılacaqdır.

Azərbaycanın istənilən memarlıq nümunəsini yaratmağa imkanı olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, onun Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcəkdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin milli dövlətçiliyimizin qorunmasındakı xidmətlərini xatırladıb və ulu öndərin üçrəngli bayrağımıza verdiyi dəyərdən danışıb.

Bu gün müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini, mühüm nailiyyətlər qazandığını deyən Prezident İlham Əliyev bildirib ki, ölkədə icra olunan nəhəng layihələr ölkəmizin beynəlxalq aləmdə özünə layiq yer tutmasına geniş imkanlar açıb.

Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik ölkəyə çevrildiyini qeyd edən dövlətimizin başçısı əsas məqsədin respublikamızın daha da güclənməsinə, xalqımızın daha yaxşı yaşamasına yönəldiyini vurğulaıb.

Azərbaycanın dünya birliyi üçün etibarlı tərəfdaşa çevrildiyini bildirən Prezident İlham Əliyev qazanılan nailiyyətlər əsasında gələcəkdə yeni layihələrin icra olunacağını, ölkəmizin heç bir xarici yardımdan asılı olmadığını və təhlükəsizliyini təmin etdiyini diqqətə çatdırıb.

Ölkəmizin gözəl təbiətə malik olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, təbii ehtiyatlarımız gücümüzü daha da artırır. Prezident İlham Əliyev bir neçə ildən sonra Azərbaycanın beynəlxalq donor ölkəyə çevriləcəyini və bununla bağlı artıq konkret işlər görüldüyünü söyləyib.

Dövlətimizin başçısı deyib ki, regionda gedən proseslərdə Azərbaycan fəal, bəzi hallarda isə həlledici rol oynayır. Müstəqilliyin xalqımızın ən böyük sərvəti olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olduğunu xüsusi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə