AMİP sədri Ümid Partiyasının sədri ilə görüşüb

AMİP sədri Ümid Partiyasının sədri ilə görüşüb

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadənin bu gün Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşü keçirilib. SİA-ya AMİP-dən verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ probleminin həlli, seçki məsələləri, eləcə də partiyalararası əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

 

AMİP sədri münaqişə ilə bağlı partiyanın mövqeyini bir daha çatdıraraq, qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməli, işğal olunmuş ərazilər qeyd-şərtsiz boşaldılmalı və BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi yerinə yetirilməlidir. Münaqişənin həlli istiqamətində aparılan danışıqların səmərə vermədiyini və "Madrid prinsipləri"nin Azərbaycan üçün təhlükə yaratdığını vurğulayan baş katib A.Əlizadə bunun qarşısının alınmasının yeganə yolunun milli birlikdən bilavasitə asılı olduğunu söyləyib. O, həmçinin təmsil etdiyi partiyanın bütün siyasi qüvvələrlə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

 

AMİP-in təşəbbüsünü müsbət qiymətləndirən İ.Ağazadə Azərbaycanın beynəlxalq aləmdə getdikcə təklənməsindən və güzəştli mövqeyindən narahatlığını ifadə edib. O, partiya ilə AMİP arasında əməkdaşlığın bundan sonra da davam etməsində maraqlı olduğunu bildirib.

 

Bu gün AMİP sədri eyni zamanda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə də görüşüb. QAT sədri Dağlıq Qarabağ problemi ilə bağlı AMİP-in təkliflərinə və təşəbbüslərinə dəstək verəcəklərini bildirib. Eyni zamanda o, siyasi partiyaların bu vacib problemə lazım qədər diqqət yetirmədiyindən narazılığını da gizlətməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə