Ermənistan daxili və xarici siyasətindəki kursunu itirib və məhvə doğru sürüklənir SİYASİ RAKURS+ANALİTİKA
Demək olar ki, bütün sahələrdə dərin iflasa uğrayan Ermənistanda siyasi böhran dərinləşdikcə, sosial iqtisadi problemlərin də artması onsuz da narazı xalqı daha da qıcıqlandırmağa başlayıb. Belə ki, son bir neçə ayın hesablamalarına görə, işğalçı ölkənin xarici borcu gəlirlərini altı faiz üstələyib ki, bu amil sadə erməninin gündəlik adi həyatını belə, normal yaşamasına imkan vermir. "Siyasi islahatlar" apardıqlarını iddia edərək, növbəti dəfə xalqın başına "torba tikən" Ermənistan rəhbərliyi isə böhranı aradan qaldırmaq gücündə olmadığını etiraf etmək istəməsə də son proseslər məhz bunu sübuta yetirir.
Vahan Arzumanyan: "Bunlara nə vaxt son qoyulacağını dövlət rəsmiləri də bilmir"
Məsələn, Ermənistanın mərkəzi bankının hesabatından irəli gələn statistik rəqəmlərə müraciət edərkən deyə bilərik ki, Ermənistanın ümumi dövlət borcu altı milyard dollara yaxınlaşıb və bu rəqəm son on il üçün ən böyük göstərici hesab edilə bilər.
Tanınmış erməni iqtisadçısı Vahan Arzumanyan isə ölkə mediasına verdiyi açıqlamasında deyib ki, illərdir Ermənistan yalnız geriyə addım atır. "Buna nə vaxt son qoyulacağını isə hətta dövlət rəsmiləri də bilmir"-deyə qeyd edən erməni iqtisadçısı nədənsə baş nazir Karen Karapetyanın hələ də özünüreklamla məşğul olduğunu deyərək, ölkənin problemlərini həll etməkdə maraqlı olmadığını da bildirir.
Digər tərəfdən, Karen Karapetyanın özü də bir müddət əvvəl parlamentdəki çıxışında yaranan problemləri həll etmək iqtidarında olmadıqlarını bildirib. O, vəziyyəti düzəltmək üçün dövlət xəzinəsində vəsaitin olmadığını deyərək, prezident Serj Sarkisyanın daha öncəki komandasını ittiham edib, dolayısı ilə ölkə başçısına da müəyyən suçlamalar edib. Yeri gəlmişkən, Karen Karapetyan artıq Sarkisyanın yerinə iddialı kimi də görünməyə başlayıb.
Erməni mediası: "Problemlər hökumətlə sadə vətəndaş arasında ciddi qarşıdurmaya zəmin yaradır"
"Joxovurd" qəzeti isə yazır ki, Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların haqlı etirazına gətirib çıxarır. Ona görə də ölkədə tez-tez xaos və qarşıdurmalar baş verir. Hakimiyyət yalançı manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq böhran içindədir. Sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər gücün və potensialın olmaması nəticəsində ortaya çıxan problemlər isə hökumətlə sadə vətəndaş arasında ciddi qarşıdurmaya zəmin yaradır.
Bu arada ölkədəki ağır sosial-iqtisadi və siyasi vəziyyəti qəbul etmək iqtidarında olmayan müxalifətçilər səslərini qaldırdıqca, hakim rejim onlara qarşı azğın davranmağa başlayır. Məsələn, bütün sahələrlə yanaşı, erməni ordusunda da cərəyan edən ölüm halları, eyni zamanda kasıb balalarının ön cəbhəyə hərbi xidmətə aparılmaları, ölüm faktlarının gizlədilmələri, bütövlükdə erməni silahlı qüvvələrinin fiaskosu xalqın narazılığı ilə müşahidə edilməkdədir.
Parlament seçkilərinin ardınca, İrəvanda keçirilmiş saxta mer seçkiləri də vəziyyətin mürəkkəbləşməsinə səbəb olmaqdadır. Belə ki, siyasi məhbus Jirayr Sefilyan və "Sasna Tsrer" təşkilatı İrəvanda keçirilən mer seçkilərində müxalif Zaruhi Postançıyan və onun qızına qarşı edilən zorakılıq barədə bəyanat yayıb.
"Sasna Tsrer" təşkilatı: "Ploisin cinayətkar zorakılığı erməni reallığının növbəti təzahürüdür"
"İrəvan şəhər merinə keçirilən seçkilər zamanı Respublikaçılara məxsus seçki qərargahında koordinasiya olunmuş seçki saxtakarlığının açılmasına istiqamətlənən Zaruhi Postançıyanın qanuni tələblərinə cavab olaraq ona və onun qızına qarşı qərargah və polis nümayəndələrinin cinayətkar zorakılığı erməni reallığının növbəti təzahürüdür"-deyə bəyanatda bildirilib.
Bəyanatda, həmçinin müstəmləkəçi hakimiyyət və onun "cəza" dəstələrinin apardığı zorakılıq bütün erməni xalqına, vətəndaşına qarşı edilən cinayət kimi pislənilib və nəticədə hakimiyyətin xalqı öz boyunduruğu altına salmaq, ölkəni mərkəzləşdirilmiş düşərgəyə çevirmək siyasətinin bütün erməni cəmiyyətinə təhlükəli stimul verəcəyi, ilk növbədə onun siyasi və intellektual səviyyəsinə kəskin zərbə vuracağı qeyd olunub.
Gələcəkdə cinayətkar polis qurumunun mütləq cəzalandırılacağını bildirən siyasi məhbuslar Ermənistan xalqını milli azadlıq mübarizəsinə, üsyana qalxmağa çağırıb.
"Biz xalqı milli azadlıq bayrağı altında toplaşmağa, ayağa qalxmağa və üsyana hazırlaşmağa çağırırıq"-deyə qeyd edən narazı kütlə belə halın çox davam etməyəcəyini vurğulayırlar. Artıq, bu yay Ermənistanda əsəblərin tarıma çəkilərək, xalqın ayağa qalxmasını bəri başdan proqnozlaşdırmaq mümkündür.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB