İslam Oyunları ilə bağlı dəyirmi masa keçirilib YENİLƏNİB - SƏS TV
Bu gün İƏT Ölkələri Jurnalistlər Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması" mövzusunda dəyirmi masa keçirilib.
SİA-nın verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbiri "İrşad" Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev açaraq, ölkəmizin son illər beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyib. O vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da öz möhtəşəmliyi ilə seçilib. Bu Oyunlar bütün İslam ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
İƏT Ölkələri Jurnalistlər Assosiasiyasının sədri Fazil Abbasov deyib ki, bəzi Qərb dairələrinin islamafobiya siyasəti həyata keçirdiyi dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi siyasi iradənin təzahürüdür. F. Abbasov IV İslam Həmrəyliyi Oyunlarının 54 islam ölkəsinin mediasında geniş işıqlandırıldığını nəzərə çatdırıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Bəhruz Həsənov qeyd edib ki, mayın 12-dən 22-nə qədər Azərbaycanda böyük idman yarışı, böyük ictimai-siyasi əhəmiyyətli tədbir keçirilib: "Biz bir daha dünyaya sübut etdik ki, Azərbaycan uğurla böyük idman tədbirləri təşkil edir. Eyni zamanda İslam ölkələrinin gəncləri münaqişə zonalarında deyil, idman meydanlarında qarşı-qarşıya gəlməlidir. İslam dünyasının qarşılıqlı inteqrasiyaya ehtiyac var. Məhz bu sahələrdə çatışmazlıqlar nəticəsində biz bu gün İslam aləmində qarşıdurmaları, qanlı münaqişələri müşahidə edirik".
PA rəsmisi əlavə edib ki, Azərbaycan İslam dünyasının həmrəyliyinə nail olunması istiqamətində üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirir: "Açılış və bağlanış mərasimində Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdik. Azərbaycan mədəniyyəti İslam mədəniyyətinin ayrılmaz hissəsidir. Biz milli-mənəvi dəyərlərimiz üzərində müasir dövlət qururuq. Biz dövlətimizin müasir dünyaya inteqrasiyasında, eyni zamanda islam ölkələri ilə əlaqələrinin inkişafında maraqlıyıq".
"İrşad" Dini Araşdırmalar Mərkəzinin direktoru R. Əliyev qeyd edib ki, 2016-cı ilin oktyabrında yazıçı-publisist Sona Vəliyeva və Fazil Abbasovun rəhbərliyi ilə İƏT Ölkələri Jurnalistlər Assosiasiyasının yaradılması ilə bağlı niyyət konfransı keçirilib: "Ötən dövr ərzində görülən işlər təsdiqləyir ki, bu Assosiasiya özünü doğruldub və İslam həmrəyliyi yönündə atılmış bir addım olduğunu təsdiqləyib".
Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarx IV İslam Həmrəyliyi Oyunlarının 100 milyonlarla insan tərəfindən izləndiyini bildirib: "İdmançılar Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının şahidi oldular. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi çox uğurla fəaliyyət göstərdi. Mən oyunların yüksək səviyyədə təşkil olunması ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm".
Tədbir müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB