AŞPA-nın komitə sədri: “Belə qərarla Türkiyəni siyasətindən çəkindirmək mümkün deyil” AÇIQLAMA
"Avropa Şurasi Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətli deyil və konkret siyasi məqsədlərə xidmət edir. Türkiyə hökumətinin Qərbin təşkilat və institutları ilə dialoq və əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi iradə ortaya qoyduğu zamanda AŞPA-nın belə haqsız qərar qəbul etməsi böyük problemlərə gətirib çıxara bilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, sözügedən təşkilatın komitə sədri Sahibə Qafarova deyib.
O, AŞPA-nın qurucularından biri olan Türkiyənin çox böyük demokratik ənənələrə sahib olduğunu vurğulayıb: "Son dövrlərdə nə qədər çətin bir mərhələ, mürəkkəb prosesler yaşasa da Turkiyə demokratik təsisatların inkisafı, insan huquq və azadlıqlarının müdafiəsi ilə bağlı ciddi addımlar atmaqdadır. Bu müsbət addımları görməzdən gəlməsi, regionda və qitədə onsuz da kifayət qədər həssas olan situasiyanı düzgün dəyərləndirməməsi, bəsit, qısır siyasi maraqlara xidmət edən qərar qebul etməsi AŞPA-ya başucalığı gətirmir. Biz çıxışlarımızda dəfələrlə qeyd etmişik ki, son dövrlər Qərbdə, Avropa təşkilatlarında islamafobiya, anti-müsəlman əhval-ruhiyyəsi yüksəlir və bu gələcəkdə çox təhlükəli nəticələrə səbəb ola bilər. Bu qərar bir daha bizim narahatılığımızın nə qədər haqlı olduğunu göstərdi".
Millət vəkili qeyd edib ki, belə qərarla Türkiyəyə təsir etmək, onu öz siyasətindən çəkindirmək mümkün deyil: "Türkiyə böyük dövlətdir və Avropanın özündə baş verən proseslərdə güclü mövqeyə malikdir. İnanmaq istəyirəm ki, AŞPA-dakı sağlam qüvvələr, cılız siyasi məqsədlərin arxasınca düşməyən, təşkilatın dəyərlərinə sadiq olan insanlar bundan sonra vəziyyəti düzgün qiymətləndirəcək, AŞPA-nın nüfuzuna xələl gətirən bu yöndə qərarlara qarşı lazımi müqavimət göstərəcək. Şübhəsiz ki, Azərbaycan həmişə olduğu kimi, yenə də Türkiyənin yanındadır və AŞPA-dakı nümayəndə heyəti olaraq bu qeyri-obyektiv qərarı pisləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB