"Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarı əslində gözlənilən bir addım idi şəxsən mənim üçün. Çünki, son vaxtlar Türkiyənin daxilində baş verən bir sıra ciddi proseslər, həmçinin onun bəzi dövlətlər ilə bir qədər isti münasibətləri həm qərbdə, həm də Avropada qıcıq yaradırdı və bu addım da hardasa proqnozlaşdırlan addımlardan biri idi. Bu da baş verdi. Aydındır ki, qərar siyasi məna, məqsəd daşıyır və Türkiyəyə qarşı atılan qərəzli addımdır". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, o qədər monitorinq ediləsi ölkələr var ki, hansılar ki, nə beynəlxalq hüquq tanıyırlar, nə də onun qayda-qanunlarına riayət edirlər: "Ona görə də, şəxsən mən düşünürəm ki, bu qərar onsuz da gərgin olan Türkiyə Avropa münasibətlərinə bir qədər də tündlük, çətinlik gətirəcək. Ona görə də qardaş Türkiyə üçün nə qədər çətin olsa da, onlar bu vəziyyətdən çıxmaq üçün səbr və təmkin nümayiş etməlidirlər. Onsuz da biz elə öz timsalımızda Avropanın Qarabağ məsələsi ilə bağlı Azərbaycana necə ikibaşlı, qərəzli münasibət bəslədiyinin şahidləriyik.
Biz bəzən bu Avropanı və avropalıları həddən çox şişirdirik və layiq olmadıqları yüksəkliyə qaldırırıq. Guya ki onlar çox "ağıllı"dırlar və bizlərdən çox bilirlər. Vallah elə deyil. Türk dünyasına bir qısqanclıq var. Ona görə də, türkdilli dövlətlər Türkiyəyə qarşı münasibəti bir qədər incələməli və doğru, düzgün nəticələr çıxartmalıdırlar.
Əgər xeyli dövlətçilik təcrübəsi və tarixi olan NATO-nun aparıcı dövlətlərindən biri sayılan Türkiyəyə qarşı bu münasibət sərgilənirsə, başqalarına qarşı necə ola biləcəyini düşünmək elə də çətin deyil. Dünyada böyük proseslərə start verilib və bəzən biz heç də xoş təsir bağışlamayan hadisələrin şahidi oluruq. Yəqin ki, Türkiyəyə qarşı qəbul edilən qərar rəsmi Ankara tərəfindən qəbul edilməyəcək və münasibətlər bir qədər də gərginləşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB