"Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin cari ilin I rübünün yekunları ilə bağlı keçirilən iclasda Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı söylədiyi fikirlər sadəcə hadisəyə bir münasibət deyil, Dağlıq Qarabağ probleminin fəlsəfəsinin, düyünün açılmasına rəvac verə bilən düşüncədir. O mənada ki, Cocuq Mərcanlı kəndi 1990-cı illərdə işğaldan azad olunmasına baxmayaraq, həmin torpaqlara gedib-gəlmək mümkün deyildi". Bunu SİA-ya açıqlamasında Mili Məclisin deputatı, tarixçi Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, bəzən insanlarda elə fikir yaranır ki, Cocuq Mərcanlı işğal altında olub, amma bu belə deyil: "Sadəcə Lələ Təpə yüksəkliyinin düşmən ölkədə olması, əhalimizin Cocuq Mərcanlıda yaşamasına imkan vermirdi.
Öz əlimizdə olmasına baxmayaraq, həmin ərazilər düşmən tərəfindən xarabalığa çevrilmişdi. Əlimiz öz torpağımıza çatmırdı. Amma bu gün Lələ Təpə yüksəkliyinin işğaldan azad edilməsi Cocuq Mərcanlıda abadlıq işlərinin aparılmasına rəvac verdi. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi də orada görülən işlərin həyata keçirilməsində operativ çalışır. Bu baxımdan Azərbaycan Prezidentinin də son iclasda söylədiyi kimi, Cocuq Mərcanlıya qayıdış və oradakı bərpa işləri tarixi hadisədir".
Deputatın fikrincə, Cocuq Mərcanlıda görülən işlər işğala qarşı münasibətin dəyişməsi, Azərbaycan bayrağının öz yüksəkliyimizdə dalğalanmasıdır: "Bu, 20 ildən artıq davam edən erməni mifinin məhv edilməsidir. Azərbaycanı işğala öyrətmək, onunla barışdırmaq istəyən dünya dövlətlərinin istəyinin puç olmasıdır. Bununla yanaşı Cocuq Mərcanlının bərpası erməni tərəfində məyusluğun yaranmasına səbəb olub. Artıq onlar başa düşdülər ki, Ermənistan öz torpaqlarından heç zaman imtina etməyəcək, işğalla barışmayacaq və gec-tez öz torpaqlarına qayıdacaq. Kəndin bərpası Dağlıq Qarabağda xaricdən və ya Ermənistanın daxilindən gələnlər arasında belə məyusluq yaradıb. Bütün bunlar tarixi hadisə deyilmi?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB