Erməni mətbuatı seçkilərdən sonra nə yazır? SİYASİ ARAŞDIRMA

Parlament seçkilərinin gizlinləri ortaya çıxır
Erməni mətbuatı seçkilərdən sonra nə yazır? SİYASİ ARAŞDIRMA

Ermənistanın aparıcı media qurumları, xüsusilə müxalifətyönlü və müstəqil qəzetlər parlament seçkilərindən sonrakı vəziyyət barədə müxtəlif yazılar dərc edərək, bir sıra gizlinləri ortaya çıxarmaqla yanaşı, qurulacaq yeni hökumətin hansı istiqamətdə formalaşdırılacağı ətrafında da müxtəlif rəyləri, araşdırmaları təqdim edirlər. Lakin dərc edilən yazılardan və məqalələrdən də aydın görünür ki, bu seçkilər bilavasitə rüşvət və seçiciləri pulla almaq halları ilə ölkənin rüsvayçılıq tarixinə əlavə olunub. Həmin yazılardan bəzilərini dəyərli oxucularımızın diqqətinə çatdırırıq.

"Haykakan Jamanak": "Əgər bu səsləri toplamamısansa, demək problem sənin özündədir..."

"Ermənistan seçki sonrası şoku yaşamaqdadır". SƏS İnformasiya Agentliyinin məlumatına görə, bu fikirləri "Haykakan Jamanak" qəzeti yazır. Qəzetin yazdığına görə, hazırda yeni situasiya yaranıb və cəmiyyət bunu qəbul etməyə vaxt tapmayıb. Həmçinin, siyasi qüvvələr də özlərinə gələ bilməyiblər.

"Parlamentdə keçən və keçməyən siyasi güclərə ən çox reytinq sistemi şok yaradıb"-deyə yazan "Haykakan Jamanak"a görə, hətta bir partiya sıralarından olan nümayəndələrin seçki nəticələri məhz partiyadaxili analizlərlə araşdırılmalı, yerdəyişmələr olmalıdır: "Əgər əvvəllər konkret namizədin apardığı işi və reytinqi ölçmək çətin idisə, hazırda hər kəs şəxsi işləri və reytinqlərinə görə qiymətləndirilə bilər. Məhz bu amil partiyalara müsbət təsir göstərə bilər və partiyadaxili demokratiyanın yaranmasına səbəb olar, hansı ki, əvvəllər bu barədə ümumiyyətlə anlam yox idi".

Erməni nəşri yazır ki, müxalifətin seçki sonrası verdikləri bəyanatları da bəzi müəmmalar doğurur. SİTAT: "Kifayət qədər az səs toplamış namizədə verilmiş səslərin silinərək falsifikasiya edilməsi çətindir məsələdir. Məsələn, sənin namizədin 800 səs toplayıb, digər müxalifət düşərgəsinin namizədi 4000. Bu, onu göstərir ki, göstərilən məntəqədə 4800 seçici var və onlar administariv resursların basqılarına, həmçinin rüşvətə meyl etməyiblər. Belə çıxır ki, onlardan 4000 mini sənin rəqibinə səs veriblər və əgər sən bu səsləri toplamamısansa, demək problem sənin özündədir..."

Problem insan və maliyyə resurslarının səbəbindən də yarana bilər. Bu zaman şikayət etmək də lazı deyil. Baxmayaraq, bəzi uduzanlar məğlubiyyətlərini hakimiyyətin günahı olduğunu deyirlər. Lakin ictimai rəy bu kimi ittihamları qəbul etmir".

"Digər məğlubiyyətə uğrayanlardan daha çox təlaş keçirən Ermənistan Milli Konqresi və ORO bloklarıdır"-deyə qeyd edən "Haykakan Jamanak" yazır ki, birincinin seçki strategiyası Levon Ter-Petrosyanın televiziyada etydiyi iki çıxışıdır: "Digər tədbirlər isə ictimai rəy qarşısındakı çıxış idi ki, bu heç bir effekt vermədi. Burada Ter-Petrosyanın ifadə gücünə heç kim şübhə etmirdi, hətta onun siyasi hesablamalarda səhv buraxmayacağına inam da var idi. Ona görə də güclərini kiçik təbliğat aksiyalarına sərf etmirdilər. Lakin çıxışlar seçicilərə heç bir təsir göstərmədi. Lakin dünyada elə bir siyasi adam yoxdur ki, seçkilərdə iki kəlmə söz ilə qalib gəlsin. Həmçnin, qələbəyə geopolitik mərkəzlərin də təsir göstərməsinə inanmaq sadəcə sadəlöhvlükdür".

ORO haqqında da yazan erməni nəşri qeyd edir ki, bu blok bütün enerjisini seçkiöncəsi və seçkisonrası hadisələr üçün yığmışdı: "Təbliğat isə bütün bunlara hazırlıq idi. İş baxımından, onlar seçicilər qarşısında simpatiya qazanmaq üçün təbliğatlarını aparırdılar, emosiyaları isə lazım olan vaxt partlatmaq üçün qızışdırırdılar".

Qəzet sonda yazır ki, ən böyük şoku hakimiyyət hiss etməlidir. "Belə ki, müxalifət parlamentdə hətta 7.7% səs toplasa belə, bu onlar üçün təhlükəli presedent ola bilər"-deyə "Haykakan Jamanak" yazır.

"Jamanak": "Raffi Ovannisyan və Vardan Oskanyan siyasi arenadan gedir"

"Jamanak" qəzeti isə bildirir ki, parlament seçkilərindən sonra "İrs" partiyasının lideri Raffi Ovannisyan və "Vəhdət" partiyasının sədri Vardan Oskanyan ümumiyyətlə, siyasi arenanı tərk etmək qərarını veriblər. SİTAT: "Hər iki siyasi xadim keçmişdə ABŞ vətəndaşları olublar. Eyni zamanda, hər iki partiyanın tanınmış üzvlərinin bir partiyada birləşmə ehtimallarını da istisna etmək olmaz. Burada əsas olaraq sabiq müdafiə naziri Seyran Ohanyan yer alacaq".

Erməni nəşri yazır ki, Vardan Oskanyanın gedişi onun nəzarətində olan"Civilitas" fondunun və onlayn resursunun normal fəaliyyətinə də mənfi təsirlərini göstərəcək.

Qəzet parlament seçkilərində hakim Respublika partiyasından olan və pul kisələrinin ağzını açaraq ən çox xərc çəkən şəxslərin də adlarını açıqlayıb. Belə ki, onlar Aararat vilayətində külli miqdarda səs toplayan Araik Qriqoryan və Lori vilayətindən namizədliyini verərək deputat mandatı alan Karen Karapetyandır. SİTAT: "Həmn seçki dairəsinin ikinci pilləsində "Arkadik" ləqəbli Arkadiy Ambarsumyan dayanır. Bu namizədlər seçkilərdən qabaq öz təbliğat və təşviqatları üçün, xüsusilə seçiciləri pulla ələ almaq istiqamətində 10 milyon dollar xərcləyiblər. Onlardan cüzi şəkildə az xərcləyən isə Gümrüdən namizədliyini verərək deputat seçilmiş Arman Saakyandır".

"Hraparak": "Hakimiyyətyönlü deputatlar bir daha pul kisələrinin ağzını açmağa hazırlaşırlar"

Digər erməni qəzeti "Hraparak" isə qeyd edir ki, parlamentdə daxili təlaşlanma hiss olunur. SİTAT: "Məsələ ondadır ki, parlament sədrinin və vitse-sədrlərin aparatlarında ştatlı vəzifələr tutmuş şəxslər heç də təsadüfi adamlar deyillər – bunlar tanışlıq və tapşırılma yolları ilə vəzifələrə təyin olunmuş, həmçnin, həmin vəzifələri əldə etmək üçün külli miqdarda pul xərcləməyə hazır olan tanınmış məmurların övladlarıdır ki, parlamentdə özlərini daha toxunulmaz hiss edirlər".

Erməni qəzeti bildirir ki, görünür həmin adamlar parlament aparatlarında vəzifələrini qoruyub-saxlamaq üçün yenidən öz bpyüklərinə ehtiyacları yaranıb və parlamentdə işlərni davam etdirəcək hakimiyyətyönlü deputatlar bir daha pul kisələrinin ağzını açmağa hazırlaşırlar.

"İravunk": "Levon Altunyan ona kimsənin ona "əşyalarını topla get" bardə söz deyilmədiyini bildirib"

"İravunk" qəzeti də seçkilərdən sonrakı prosesə toxunaraq qeyd edir ki, Ermənistanda yeni hökumət qurulacaq, ancaq bununla bağlı qəzetin müxbiri bir neçə nazirlə görüşüb və onların yeni hökumətdə hər hansı bir yeni vəzifəyə təyin olunub-olunmama, yaxud istefaya getmə ehtimalları, ümumiyyətlə yeni qurulacaq hökuməti necə gördükləri barədə sorğu keçirib. Məsələn, Ermənistanın səhiyyə naziri Levon Altunyan hansı kadr dəyişikliklərinin olacağından xəbərsiz olduğunu deyərək, özünün də gələcəyi barədə məlumatsız olduğunu deyib. SİTAT: "Ən azından, mənə hələlik heç kim əşyalarımı toplayıb getməyim barədə bir söz deməyib".

Onu da qeyd edək ki, bu yaxınlarda İrəvanda "ağsaqqallar şurasının sədri" postuna və meriyaya seçkilər keçiriləcək ki, hazırda parlament seçkilərində külli miqdarda rüşvət verərək parlamentə daxil olanlar bu istiqamətdəki mövqelərini möhkəmləndirməyə çalışırlar. Bu isə iqtidar və müxalifətçiliyindən asılı olmayaraq, Ermənistanda yeni siyasi qarşıdurmaların yaranmasına səbəb olacaq hal kimi qiymətləndirilməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə