"Aprel döyüşləri Dağlıq Qarabağ müharibəsinin yeni mərhələsidir. Çünki, 20 ildən artıq keçən müddət ərzində atəşkəsin müxtəlif dövrlərdə pozulması fonunda nə hərbi vəziyyət dəyişə bilmir, nə də beynəlxalq vasitəçilərin münaqişənin tənzimlənməsi ilə bağlı real addımları mövcud deyildi. Azərbaycan ordusu 4 günlük müharibədə göstərdi ki, torpaqlarımız ATƏT-in Minsk qrupu deyil, məhz silahlı qüvvələr, Azərbaycan dövlətinin və xalqın gücü ilə geri qaytarıla bilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc deyib.
Deputatın sözlərinə görə, aprel döyüşləri ən ədalətli həll yolunu göstərmiş oldu: "Düzdür, biz torpaqlarımızı kənd-kənd deyil, rayon-rayon itirmişik ki, bu da 1000 kvadrat kilometrlərlə ərazi deməkdir. Onun geri qaytarılması daha fərqli çərçivədə, miqyasda baş verəcək. Biz buna real gözlə baxmalıyıq. Lakin bununla bərabər aprel döyüşləri zamanı bütün siyasi və hərbi riskləri öz üzərinə götürən və böyük lider qabiliyyətini nümayiş etdirən məhz dövlət başçısı oldu. Hər birimizə bəllidir ki, səngərdə gedən döyüşlər, eləcə də bağlı qapılar arxasında gedən diplomatik müharibə də birinci şəxsin üzərinə düşür. Həmin günlər ərzində ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitindən geri dönərək gecə saatlarında təhlükəsizlik şurasının iclasını çağırmaq, daha sonrakı dövrlərdə ən mühüm məsuliyyət tələb edən qərarları çıxarmaq heç də asan görünə bilməz. Çünki MDB məkanında itirilən torpaqların hətta bir qarışının belə geri qaytarılması təcrübəsi mövcud deyil. Nə Abxaziya, nə Asetiya nə də digər bölgədə belə təcrübəni görmək mümkün deyil. O ki qaldı tamamilə dağılmış və viranəyə çevrilmiş Suriyaya, burada isə koalisiya qoşunlarının bir neçə dövlətin gücünün nəticəsində hansısa ərazilərin geri qaytarılmasından danışmaq olar".
Z. Oruc söyləyib ki, aprel döyüşlərinin ən mühüm nəticələrindən biri uzun müddət ərzində dəyişilməz sayılan, keçilməz sədd hesab olunan ön xəttin yarılmasının mümkünlüyü idi: " Azərbaycanın bunu çox kiçik qüvvələrlə reallaşdırmağa gücü çatdı.
Bu, ermənilərə vurulan ikiqat zərbə idi. Bundan başqa ən önəmli hadisə Ermənistanda taxt-taca yiyələnənlərin bir qismi çox ciddi iflasa uğradılar. Seyhan Ohanyanın 20 ildən artıq bir müddətdə özünü qəhrəman libasında təqdim etməsi, bir neçə generalın ordu sistemində özünə yer tutması kimi məsələlər aprel döyüşlərində ordumuzun bir zərbəsi fonunda yerlə-yeksan oldu".
Deputat qeyd edib ki, aprel savaşı Ermənistan tərəfindən sülh platformasına qoşulanların sayını artırdı: " Dağlıq Qarabağ məsələsi ilə bağlı 90-cı illərdə bizim əleyhimizə verilən bəyanatların çərçivəsi xeyli daraldı. Aprel döyüşləri Azərbaycanın diplomatik danışıqlarda siyasi gücünü artırmaqla yanaşı, eyni zamanda ordumuzun və nəticə etibarı ilə dövlətimizin nüfuzuna yüksək təsir göstərdi. Uzun illər ərzində məğlubiyyətin töhməti altında yaşamaq qətiyyən asan deyildi. Yalnız matəm günləri, soyqırımları, rayonlarımızın işğal ildönümləri cəmiyyəti ağır və hüznlü duruma məruz qoyurdu. Halbuki bizim millətimiz qələbə kimi yaxşı günlərin çox ciddi ehtiyacındadır. Belə olan halda, aprelin 2-si Kəlbəcərin işğalından daha çox, yeni dövrün, tarixin hadisəsinə çevrildi. Biz təqvimi qara rəngdən qurtulmalıyıq. Baxmayaraq ki, döyüşlər 4 gün davam etdi. Rusiya dövlətinin rəhbərinin işə qarışması nəticəsində yenidən atəşkəsə razılıqlar verildi. Ancaq bununla bərabər Ermənistanın Rusiya ilə yüz illər ərzindəki tarixinə güclü zərbə dəydi. Buna Moskva mitinqlərini misal göstərmək olar. Yekun etibarı ilə hesab edirəm ki, bu Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin son dərəcədə şanlı, şərəfli səhifəsi kimi tarixdə yer tutacaq. Azərbaycan prezidentinin martın 31-də hərbçilərimizlə görüşündə qeyd etdiyi kimi ölkəmiz daha mühüm hədəflər uğrunda mübarizədədir və əminəm ki, 2 apreldən başlayan yol bütövlükdə bizi torpaq bütünlüyümüzə qovuşduracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB