“Virtual Qarabağ” İKT Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub

“Virtual Qarabağ” İKT Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində şəxsi heyət "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti ilə tanış olub. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun yaradılan mərkəzin fəaliyyəti ilə şəxsi heyəti mərkəzin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri, Respublika Prezidenti yanında "Gəclər fondu" Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev tanış edib.

Tədbirdə son iki əsr ərzində Azərbaycan xalqına qarşı törədilən etnik təmizləmə siyasətindən, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan bəhs edilmişdir. Qeyd olunmuşdur ki, ötən əsrlərdə baş vermiş hadisələrin obyektiv qiymətləndirilməsinə həmin dövrün mövcud şəraiti imkan verməmişdir. Ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasəti yalnız müstəqillik dövründə əsl hüquqi-siyasi qiymətini alıb. 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman erməni millətçilərinin planlaşdırılmış və düşünülmüş şəkildə həyata keçirdikləri soyqırım siyasətinə verilən dolğun və hərtərəfli siyasi qiymət, erməni məkrini tarixi faktların dili ilə ifşa edən mühüm sənəddir. "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılmasında əsas məqsədin Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının yaradılmasından, Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumatın çatdırılmasından ibarət olduğu nəzərə çatdırılıb, Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda şəxsi heyətə "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi "İrəvan: gizlədilmiş həqiqətlər" sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə