"Ohanyan-Raffi-Oskanyan" bloku bəyanat verdi SAMVEL BABAYANA GÖRƏ

"Ohanyan-Raffi-Oskanyan" bloku bəyanat verdi SAMVEL BABAYANA GÖRƏ

Ermənistanda parlament seçkilərinə qatılacaq "Ohanyan-Raffi-Oskanyan" blokunun liderləri Seyran Ohanyan, Raffi Ovanisyan və Vardan Oskanyan "dqr"in sabiq hərbi komandanı Samvel Babayanın həbsi ilə bağlı bəyanatla çıxış ediblər. SİA 1.in.am saytına istinadən xəbər verir ki, Serj Sarkisyan komandasının sabiqləri-hazırda iqtidara qarşı müxalifətə keçdiklərini bəyan etmiş üçlük hakimiyyətin bu addımının gözlənilən olduğunu deyiblər. Onlar hesab edirlər ki, Samvel Babayanın həbsi əvvəlcədən işlənib-hazırlanmış plandır və bilavasitə onlarn alyansına qarşı atılıb.

"Ohanyan-Raffi-Oskanyan" bloku həmçinin baş verənlərin onların qərargahlarına, seçicilərinə və özlərinə qarşı təzəyiq kimi qiymətləndirərək bəyan edirlər ki, bu işdə Sarkisyan iqtidarına iqtidaryönlü KİV-lər də dəstək göstərib.

""Ohanyan-Raffi-Oskanyan" bloku hakimiyyətin mövcud addımını ölkədə qorxu atmosferinin formalaşdırılmasına və seçkilərin nəticələrinə qanunsuz müdaxiləsinə hesablanıb"-deyə bəyanatda qeyd olunur.

Həmçinin bildirilir ki, üçlük alyans bütün bunlara baxmayaraq təxribatlara getməyəcək: "Bizim strukturlarımız, deputatlığa namizədlərimiz və tərəfdarlarımız üçqat entuziazmla işləməyə davam edir".

"Ohanyan-Raffi-Oskanyan" bloku Sarkisyan hakimiyyətinin onlara qarşı mümkün təzyiqərini nəzərə alaraq, beynəlxalq ictimaiyyətə də müraciət etməyi unutmayıblar. Onlar bəyanatlarında bildiriblər ki, beynəlxalq ictimaiyyət, müşahidə missiyaları Samvel Babayanla bağlı olayı diqqətdə saxlamalıdırlar. Belə ki, bu ölkə vətəndaşlarının azad seçimlərinə qarşı törədilən siyasi bir təzyiqdir.

Maraqlıdır ki, üçlük alyans Ermənistanda fəaliyyət göstərən siyasi güclərə, hüquq təşkilatlarına və vətəndaş cəmiyyətinə, diasporaya müraciət etməklə yanaşı, Qarabağdakı separatçı rejimə də səslənərə Babayanın həbsinə adekvat qiymətin verilməsini tələb edib.

Bəyanatın sonunda namizədlər aprelin 2-də Sarkisyan hakimiyyətini devirərək yeni hakimiyyət quracaqlarına inandıqlarını da bildiriblər. Onlar bunun üçün seçiciləri seçki günü fəal olmağa səsləyiblər.

Xatırladaq ki, Samvel Babayan 1-ci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilən erməni hərbçilərindən biri olub. Atəşkəsə nail olunduqdan sonra o, "dqr"in müdafiə naziri olub və sonradan xaricə köçüb. O, hazırda Ermənistanda hakimiyyət çevrilişi etmək ittihamı ilə həbs olunur. Belə ki, Babayanın Gürcüstandan Ermənistana raket kompleksləri və silah-sursatlar keçirdiyi, hərbi qiyama hazırlaşdığı bildirilməkdədir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə