“Sarkisyan mövqelərini möhkəmləndirmək barədə düşünür” AÇIQLAMA

“Sarkisyan mövqelərini möhkəmləndirmək barədə düşünür” AÇIQLAMA

"Mart ayının 6-da Moskvada Rusiya və Azərbaycan Xarici işlər Nazirlərinin görüşündə Serqey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllindən hələ uzaq olduqları bəyanatını verdi. O bildirib ki, Azərbaycan və Ermənistan tərəfləri əsas məsələlərdə ümumi razılığa gələ bilməyiblər. Münaqişənin həllini bir növ "öhdəsinə" götürən Rusiya tərəfinin bu bəyanat gözlənilən olsa da, bizim üçün arzuedilən deyil. Hesab edirəm ki, Sergey Lavrovun bu mövqeyi "Qarabağ Azərbaycanın daxili işi deyil" bəyanatının davamıdır. Bununla da Rusiya tərəfi münaqişəni sonsuzluğa qədər dondurulmuş vəziyyətdə saxlamağı düşünür. Bu siyasət rus maraqlarına tam uyğundur". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistana tam texniki və iqtisadi yardım etmək üçün quru yolu ilə Gürcüstan üzərindən koridor açılmasını həyata keçirməyə çalışır: "Danışıqlardan göründüyü kimi, Gürcüstan hakimiyyəti Rusiyadan Ermənistana koridor açılmasına tam razılıq verməsə də, perspektivdə mümkünlüyünü istisna etmirəm. Lakin Avropa Birliyi ölkələri bütün imkanlardan istifadə edərək Gürcüstanla Rusiyanın sərhədlərinin açılmasına əngəl törətməyə çalışırlar. Bu səbədən də Avsrtiya xarici işlər naziri Sebastyan Kurts Gürcüstanda Avropaya gələn qaçqın və immiqrantlar üçün düşərgələr və filtrasiya zonası yaradılması təklifi ilə çıxış edib. Bu proses isə Avropa Birliyi ölkələrinin bu bölgəyə diqqətinin daha da artmasına gətirib çıxaracaq. Bu isə Rusiya və Ermənistanın ümumi maraqlarına ziyan verəcək bir addımdır. Bu yaxınlarda Ceyms Urolikin Cənubi Qafqazda sülhün yaradılmasının vacibliyini və işğal altında olan torpaqların azad olunmasının gərəkliyindən danışması bölgəmizin diqqət mərkəzində olmasından xəbər verir".

V.Əfəndiyev əlavə edib ki, Rusiya ilə danışıqları başa vuran və təhlükəsizlik qarantı alan Sarkisyan Avropada mövqelərini möhkəmləndirmək barədə düşünməkdədir: "Sarkisyanın Avropanın ən aparıcı dövlətlər sırasına daxil olan Fransaya səfəri də Avropaya inteqrasiyanın konturlarını müəyyən etməyə hesablanıb. Bundan sonra Sarkisyan hakimiyyəti Avropa Birliyi ölkələri ilə sıx əməkdaşlıq proqramlarında iştirak etmək istiqamətində çalışacaq. Ermənistanın Avropada Şərq tərfdaşlığı layihəsinə qoşularaq bu təşkilatın hüquqi üzvü olmaq haqqında qərar verəcəyini istisna etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə