“İran işğalçı Ermənistanla münasibətlərində müəyyən korrektələr etməlidir”

“İran işğalçı Ermənistanla münasibətlərində müəyyən korrektələr etməlidir”

"Azərbaycan Prezidentinin İrana səfəri ciddi əhəmiyyətə malikdir. Regionda baş verən proseslərin fonunda gerçəkləşən bu səfər həm də beynəlxalq əhəmiyyət daşıyır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib. O bildirib ki, erməni mediasında səfərlə bağlı heç bir məlumatın yer almaması, Türkiyə mediasında isə əksinə, maraqlı reaksiyaların sərgilənməsi faktlarının özü bunu əyani sübut edir: "Bu, Azərbaycan və İran prezidentlərinin son 3 ildə həyata keçirdikləri sayca 8-ci görüşdür. Ümumiyyətlə, İranla siyasi münasibətlər Azərbaycanın xarici siyasətində hər zaman xüsusi önəmə malik olub. Bu yalnız qonşuluq baxımından deyil, uzun əsrlərin tarixi-mənəvi bağlılığından və orada yaşayan 40 milyonluq soydaşımızın varlığından qaynaqlanıb. Vurğulamalıyıq ki, bu, perspektivli və böyük imkanlar vəd edən bir səfərdir. Gerçəkləşdirilən səfərlə biz, ən yüksək səviyyədə dost, qonşu ölkə olduğumuzu nümayiş etdiririk. Təbii ki, eyni münasibət birmənalı olaraq qarşı tərəfdən də gözlənilir".

Ekspert deyib ki, Azərbaycan Türkiyə ilə İran arasında mövcud olan narazılıqların aradan qaldırılmasında alternativi olmayan vasitəçi, körpü rolunu oynaya bilər: "Bizim siyasətimiz, həm də bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verə bilər. İran-Azərbaycan münasibətləri eyni zamanda iqtisadi nöqteyi-nəzərdən öz səmərəsini göstərə bilər. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti "Şahdəniz-2" layihəsinin fəal iştirakçısı və sərmayədarıdır. Regional əməkdaşlığın qurulmasında ciddi əhəmiyyətə malik "Şimal-Cənub" nəqliyyat dəhlizini də xüsusi vurğulamaq olar. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun açılışı, energetika, ticarət, nəqliyyat, turizm və ekologiya sahələrində həyata keçirilən digər layihələr Tehran və Bakının regional və regionlararası əlaqələrin mərkəzinə çevrilməsinə imkan yaradır. Lakin şübhəsiz ki, İranın yalnız Azərbaycanın ərazi bütünlüyünü dəstəkləməsi ilə bağlı verdiyi bəyanatlardan əlavə, əməldə işğalçı Ermənistanla münasibətlərində müəyyən korrektələr etməsi də ciddi məqamdır. Bu bir həqiqətdir ki, İran Ermənistan münasibətləri, Azərbaycanın haqlı gözləntiləri ilə tərs mütənasibdir. Azərbaycan cəmiyyəti, bu məsələdə İranın siyasi və dini dairələrindən adekvat münasibət gözləyir. Məncə unudulmamalıdır ki, işğal edilmiş torpaqlarımızda dağıdılan məscidlər, peyğəmbər nəslinin nümayəndələrinin təhqir edilmiş məzarları həm də İranın paylaşdığı dəyərlərin bir hissəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə