13 saylı tam orta məktəbdə Xocalı qurbanları anılıb YENİLƏNİB - SƏS TV

13 saylı tam orta məktəbdə Xocalı qurbanları anılıb YENİLƏNİB - SƏS TV

Bu gün 13 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərbaycan Universiteti və "SƏS" Media Qrupun təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir başlamazdan öncə, məktəbin foyesində Xocalıya həsr edilmiş rəsm əsərlərinə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bundan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi açan 13 saylı tam orta məktəbin direktoru Yaqut Sadıqova qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı Soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Y.Sadıqova Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi və müdrik siyasəti nəticəsində qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.

O, gəncləri ərazi bütövlüyümüzün bərpa edilməsi və torpaqlarımızın erməni işğalından azad olunması naminə sıx birliyə, həmrəyliyə, sosial şəbəkələrdə fəallıqlarını daha da genişləndirməyə çağırıb.

Qeyd edilib ki, dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Sonra Azərbaycan Universitetinin professoru Qabil Əliyevin soyqırımı ilə bağlı fikirləri dinlənilib. O bildirib ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə rəvac vermiş ermənilər qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər: "Məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı bu yolla "ram etməyə" çalışıb. Lakin hiyləgər və məkrli düşmən bu yolla istəyinə nail ola bilmədi, Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq, Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər. Bu gün xocalılar ölkəmizin müxtəlif bölgələrində məskunlaşıblar, amma hər birimizin məqsədi, arzusu doğma torpaqlarımıza, Xocalıya qayıtmaq, işğal olunmuş torpaqlarımızı azad etməkdir".

Daha sonra Azərbaycan Universitetinin sifarişi ilə "SƏS" İnternet televiziyasının hazırladığı film nümayiş etdirilib.

Sonda Azərbaycan Universiteti və 13 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı "Fəryad" kampozisiyası və Xocalı səhnəciyi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə