"Zəlzələlərin vulkan püskürməsinə bilavasitə təsiri var". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2014-cü ilin dekabr ayının 20-də Qobustan rayonunda Şıxzərli vulkan püskürməsi baş vermişdi: "Həmin vulkanın püskürməsindən 2 gün əvvəl vulkana yaxın ərazilərdə, Şamaxı və Qobustanda bir neçə yeraltı təkan qeydə alınmışdı. Buna görə zəlzələlərin vulkan püskürməsinə birbaşa təsiri olduğunu demək olar. Çünki zəlzələ zamanı yer daxilində sıxılma prosesi gedir ki, bunun da nəticəsində palçıq püskürür".
2017-ci il fevralın 6-da Qaradağ rayonu, Səngəçal qəsəbəsində Otmanbozdağ vulkanının püskürməsinə toxunan Mərkəz direktoru bildirib ki, həmin vulkan püskürməsi ilə bağlı AMEA-nın Geologiya və Geodeziya İnstitutunun əməkdaşları ilə Seysmoloji Mərkəzin əməkdaşları tərəfindən işlər aparılır: "Həmin vulkan püskürməsindən əvvəl yaxın ərazilərdə 7-8 yeraltı təkan qeydə alınmışdı. Vulkan püskürməsi ilə bağlı bəzi parametrlər bizim tərəfdən ölçülüb. Otmanbozdağ vulkanı iki dəfə püskürmüşdü. İlk püskürmə səhər saat 10:20, ikinci püskürmə isə günorta 14:18 radələrində ( 6 dəqiqə davam etmişdi) qeydə alınmışdı. Hər iki püskürmənin dərinliyi 3 km idi. Birinci püskürmə zamanı vulkandan ayrılan enerjinin gücü 1.5, ikinci püskürmə zamanı isə 1.7 Coli idi. Bu o qədər böyük təkan sayılmır. Həmin vulkanın yenidən püskürməsi ilə bağlı dəqiq vaxt demək olmur. Gözləmə rejimi var ki, izləmək lazımdır".
Q.Yetirmişli deyib ki, ölkə ərazisində vulkanlar üçün ayrıca monitorinq aparmaq lazımdır: "Respublika ərazisində zəlzələlərin monitorinqini aparmaq üçün 40-dan çox seysmik stansiya var. Vulkan ətrafı mobil stansiyalar qurmaq lazımdır ki, orda gedən prosesi izləmək mümkün olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB