Təranə Kərimova: “Lapşinin ekstradisiyası radikal müxalifəti məyus edib” RƏY
"Bildiyimiz kimi, Azərbaycanın ərazi vahidi – hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa qanunsuz səfərlər edərək, qondarma və separatçı rejimlə sıx təmaslarda olan, o cümlədən saxta "DQR"in dünya birliyi tərəfindən tanınması istiqamətində təbliğat işləri aparan və barəsində cinayət işi açılmış blogger Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya olundu və o, Azərbaycan qanunları ilə mühakimə olunacaq. Məhz bu amil dövlətimizin, hakimiyyətimizin növbəti diplomatik qələbəsidir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova Ermənistanın işğalçılıq siyasətinə və qondarma "DQR" separatçılarına dəstək verən Aleksandr Lapşinin Belorusdan Azərbaycana ekstradisiyasi ilə bağlı fikirlərini şərh edərkən deyib.
T.Kərimova bildirib ki, Lapşin məhz Azərbaycan dövləti tərəfindən beynəlxalq axtarışa verilmişdi və Belarusun hüquq-mühafizə orqanları onu öz ərazisində həbs edərək məhkəməyə göndərmişdi: "Bu gün müxtəlif insan hüquqları təşkilatları öz maraqlarına uyğun olaraq blogerin həbsinə qarşı çıxır, guya onun hüquqlarının pozulmasını iddia edirlər. Ancaq bütün bunların arxasında dayanan əsas amil Ermənistan hakimiyyətinin maraqlarıdır. Erməni lobbisi Azərbaycanın diplomatik qələbəsini həzm edə bilmir. Kimsə deyə bilməz ki, Aleksandr Lapşinin fəaliyyəti söz azadlığı və sərbəst jurnalist fəaliyyətidir. Çünki belə əlaqələndirmələr cəhdləri heç bir hüquqi əsasa malik deyil".
"Qeyd olunanlarla yanaşı, həm də belə bir məntiqli nəticəyə gəlmək mümkündür ki, barəsində cinayət işi qaldırılmış Aleksandr Lapşinin Azərbaycan Respublikasına təhvil verilməsi ilk öncə, Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir", - deyə qeyd edən YAP funksioneri bildirib ki, ümumiyyətlə, bu ölkələr arasında uzun illər və bütün dövrlərdə səmimi, sağlam, sarsılmaz dostluq münasibətləri mövcud olub: "Əbəs yerə deyil ki, Lapşinin həbsindən sonra ayrı-ayrı ölkələrin, siyasi dairələrin bütün təzyiq və təhdidlərə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə alıb, qəti və obyektiv qərar qəbul edərək separatçı və təxribatçı blogerin ekstradisiyası üçün ciddi siyasi iradə və mərdlik nümayiş etdirib. O cümlədən, Aleksandr Lukaşenko qətiyyəti ilə güclü siyasi lider olduğunu, Belarus xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü, beynəlxalq qanunvericiliyə hörmət etdiyini, heç bir xarici qüvvə qarşısında əyilmədiyini bir daha bütün dünyaya nümayiş etdirmiş oldu. Ona görə də belə demək mümkündür ki, Lapşinnin ekstradisiyası Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenko arasında sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın, Belarus dövlət başçısının Azərbaycana isti münasibətinin və ehtiramının əyani təzahürüdür".
T.Kərimova deyib ki, daha bir mühüm məqamlardan biri də Lapşinin ölkəmizə ekstradisiyası istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərdiyi qətiyyətidir: "Ümumiyyətlə, vurğulamaq olar ki, Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətinin nəticəsi, eləcə də güclü Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir!".
YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri sonda daha bir məqama toxunaraq deyib ki, nədənsə radikal müxalifət qrupları Azərbaycan qanunlarını pozan bir cinayətkarın həbs olunmasından narahat olmağa başlayıblar: "Lapşinin həbsi və ekstradisiyası radikalları nigaran salıb və burada təəccüblü heç nə yoxdur. Onlar sosial şəbəkələrdə nə yazdıqlarını belə bilmirlər, həta deyərdim ki, başlarını itiriblər. Çünki radikal müxalifət heç vaxt ümummilli məsələləri dəstəkləyən çıxışlar etməyib, əskinə, milli-dövlətçilik maraqlarını satmaqla, xəyanətlər etməklə yadda qalıblar. Əgər diqqət yetirsək görərik ki, ermənilər kimi, bu ünsürlər də Lapşin məsələsində Azərbyacan dövlətinin, Azərbaycan hakimiyyətinin qazandığı diplomatik uğurdan narahat olurlar. Bu, növbəti dəfə radikal düşərgənin aşkar sifətini ortaya qoyan danılmaz faktordur".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB