DGK 25 illiyini qeyd edir SƏS TV

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə komitə sədri, general-polkovnik Aydın Əliyev, komitənin sədr müavinləri, xarici ölkələrin gömrük komitələrinin rəhbərləri, komitə əməkdaşları və KİV iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra mərasimi açıq elan edən DGK-nın sədri Aydın Əliyev bildirib ki, Azərbaycanın XXI əsrin astanasında müstəqillik əldə etməsi onun tarixində yeni bir mərhələnin başlanğıcı oldu: "Milli sərvətimiz olan müstəqilliyimizin dönməz xarakter alması, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti dünya dövlətləri sırasında Azərbaycanımızın özünə layiqli yer tutmasında mühüm rol oynayıb. 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın yüksələn xətlə inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan uğurlu gömrük siyasətilə də bilavasitə bağlıdır. Belə ki, ölkəmizdə qısa bir zamanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb.

Hər bir ölkənin dövlətçiliyi sərhəddən başlayır, mükəmməl siyasətin əsas konturları elə sərhəd dirəkləri ilə müəyyənləşir. Azərbaycanın daim artan nüfuzu gömrük orqanlarında uğurların təminatçısı olub, dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilməsində əvəzolunmaz rol oynamışdır. Etibarlı gömrük xidməti isə hər bir zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur".

A.Əliyev deyib ki, Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradıldı: "Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. Yarandığı ilk illərdən milli gömrük sistemi diletantların sayəsində irəli getmək əvəzinə günü-gündən gerilədi. Qeyri-peşəkar kadrlar, sovetlərdən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri - bütün bunlar o dövrün gerçəklikləri idi.

Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Gömrük Komitəsinin yaradıldı və beləliklə, əsl milli gömrük xidmətinin formalaşdırılması istiqamətində mühüm addım atıldı.

1993-cü ildə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Həmin vaxtdan başlayaraq, respublikanın ictimai-siyasi həyatında baş verən müsbət dəyişikliklər, siyasi və iqtisadi sahələrdə islahatların ardıcıl şəkildə aparılması, dövlətin bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığını nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı. Yeni tarixi şərait, ölkəyə investisiya təyinatlı malların idxalının artımı xarici iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsini, bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığa sağlam rəqabət şəraitinin yaradılmasını tələb edirdi.

1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti yanında geniş tərkibdə keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyəti müzakirə edildi. Dövlət Gömrük Komitəsinin fəaliyyətini və yol verilmiş nöqsanları hərtərəfli təhlil edən Azərbaycan Prezidenti Heydər Əliyev öz tövsiyələrini verərək qeyd etdi ki, "biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici- iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin".

Vurğualnıb ki, Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

Daha sonra xarici ölkələrin gömrük komitələrinin rəhbərləri çıxış edərək Azərbaycan Gömrük Komitəsinin gördüyü işləri təqdirəlayiq hal kimi dəyərləndiriblər.

Qeyd edək ki, tədbirdən öncə Dövlət Gömrük Komitəsinin sədri və komitə kollektivi Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gömrük işçiləri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə