Ekspert: “Prezidentin Sərəncamının böyük mənəvi və siyasi əhəmiyyəti var” AÇIQLAMA
"Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamın çox böyük siyasi və mənəvi əhəmiyyəti var". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz vətəndaşlarının daimi yaşayışını təmin etmək üçün lazım olan addımları atmağa hazır olduğunu bəyan edib: "Bildiyiniz kimi, 1994-cü ildə cəbhədə baş verən hadisələrdən sonra işğaldan azad olunmuş Horadiz və digər yaşayış məntəqələri bu gün Azərbaycan vətəndaşları sərəncamındadır. Yəni orada bizim vətəndaşlar yaşayırlar və yaradırlar. Baxmayaraq ki, düşmən təxribatları baş verir amma bizim insanlar orada rahat şəkildə öz həyatlarını davam etdirirlər.
İndi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də vətəndaşlarımız orada infrastruktur hazır olandan sonra yaşamağa başlayacaqlar. Təbii ki, bu prosesin davamı da gələcək. Davamı isə odur ki, həm Cəbrayıl, həm də yerdə qalan digər ərazilərimiz, yaşayış məntəqələrimiz tez bir zamanda işğaldan azad edilməlidir. Çünki Azərbaycan Prezidentinin də bu yaxınlarda Bakı ətrafındakı hərbi hissədə hərbi şəhərciyin açılışında şəxsi heyət qarşısında söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycanın mövqeyi tam qətidir və qısa müddətdə bu məsələ öz həllini tapmalıdır. Yəni status-kvo dəyişilməlidir və Azərbaycan vətəndaşları, qaçqın və məcburi köçkünlər öz yaşayış evlərinə qayıtmalıdırlar. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Cocuq Mərcanlı kəndi ilə bağlı verilən Sərəncamın çox böyük mənəvi və siyasi əhəmiyyəti var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB