Berlində 20 Yanvar hadisələri anılıb

Berlində 20 Yanvar hadisələri anılıb

Almaniyanın paytaxtı Berlində Alman-Azərbaycan Ziyalılar Birliyinin təşkilatçılığı, eləcə də Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Evində 20 Yanvar faciəsinin 27-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova giriş sözü ilə çıxış edərək faciənin tarixinə qısa nəzər salıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Alamniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 20 Yanvar faciəsinin tarixi və hüquqi-siyasi aspektlərini təhlil edib, bu hadisələrin Azərbaycan xalqının qan yaddaşında oynadığı roldan bəhs edib. Həmin hadisələri Azərbaycan milli azadlıq hərəkatında qəhrəmanlıq səlnaməsi adlandıran Ramin Həsənov bildirib ki, Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni separatçılığı, azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yummasına etiraz edən, eləcə də öz milli hüquqlarını tələb edən dinc əhalinin etiraz səsi silah gücünə susdurulmağa çalışılsa da, Azərbaycan xalqı həmin dövrdə birlik və qətiyyət nümayiş etdirib, nəticədə dövlət müstəqilliyinin bərpasına nail olub.

Daha sonra Almaniyadakı Türk-Azərbaycan Birliyinin rəhbəri, Almaniya Bundestaqının keçmiş deputatı Hakkı Kəskin və şairə Şərifə Cəfəri çıxış ediblər. 20 Yanvar şəhidlərinin hər zaman qürur və ehtiramla anıldığını qeyd edilib, Azərbaycanın müstəqilliyi və suverenliyinin müdafiəsinin şəhidlərin ruhu qarşısında hər birimizin mənəvi borcu olduğu bildirilib.

Çıxışlardan sonra 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbirdə Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, Almaniyanın elmi və ictimai dairələrinin təmsilçiləri, Almaniyada təhsil alan azərbaycanlı tələbələr və gənc tədqiqatçılar, Azərbaycan Səfirliyinin əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə