YAP Səbail rayon təşkilatında 20 Yanvar şəhidləri anılıb FOTOLAR - SƏS TV

YAP Səbail rayon təşkilatında 20 Yanvar şəhidləri anılıb FOTOLAR - SƏS TV

20 Yanvar faciəsindən artıq 27 il ötür. Xalqımızın qan yaddaşına yazılmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında da geniş qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncamına əsasən Yeni Azərbycan Partiyası Səbail rayon təşkilatında müvafiq tədbirlər hazırlanıb.

Əvvəlcə YAP Səbail rayon təşkilatında 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 20 Yanvar faciəsini əks etdirən film nümayiş etdirilib.

Anım mərasimində YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev çıxış edərək qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olmuş ən qanlı faciələrdəndir.

Millət vəkili 26 il əvvəl Sovet imperiyasının Bakıda törətdiyi qanlı cinayətləri yada salaraq, bu faciəyə ilk hüquqi qiyməti məhz Ulu Öndər Heydər Əliyev verdiyini bildirib: "SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərində 24:00-da komendant saatının elan olunması barədə sənəd imzalansa da, əhaliyə bu haqda heç bir məlumat bildirilməmişdi və gecə artıq şəhərdə qırğınlar başlanmışdı. Dövlət Televiziya və Radiosunun yayım blokunun partladılması da təsadüfü deyildi. Bununla onlar Azərbaycanın səsini boğmağa çalışırdılar. Xalqın silahsız nümayəndələrinə qarşı qadağan olunmuş silahlardan istifadə olundu, dinc əhaliyə qarşı qəddarcasına rəftar edildi. Məqsəd xalqın milli ruhunu sındırmağa və daha sonrakı məqamda ermənilərin ərazi iddialarını təmin edəcək milli münaqişələri qızışdırmağa, dövlətin idarəçiliyində xaos yaradılmasına yönəlmişdi. 20 Yanvar hadisələri SSRİ-nin dağılmasını sürətləndirən əsas hadisələrdən biri oldu. Bu akt dövlətin öz xalqına qarşı həyata keçirdiyi terror aktı idi və buna görə öz xalqı qarşısında nüfuz və etibarını itirdi. 20 Yanvar hadisələrinə Azərbaycan SSRİ Ali Sovetinin sədri Elmira Qafarova öz etirazını bildirmişdi. Lakin hadisələrə tam dolğun siyasi qiymətin verilməsi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra baş verdi və 1994-cü ildə istintaq qrupu yaradılaraq günahkarlar müəyyən olundu. Dahi Lider bu hadisələrə ilk etiraz səsini ucaldan oldu".

Rayon təşkilatının sədri, həmçinin onu da əlavə edib ki, bu gün Prezident İlham Əliyev həmin faciə zamanı həlak olanların ailələrinə və əlil olanlara qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını diqqətdə saxlayır, onlara verilən təqaüd və müavinətlər mütəmadi olaraq yüksəldilir.

Şəhid ailələri və əlillər adından çıxış edənlər də onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə