Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. SİA-nın verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Mahmudovun vəkili İlhamə Həsənova müdafiə çıxışı edib.
O bildirib ki, işlər müqavilə və smeta sənədləri əsasında həyata keçirilib, material nəinki bu şirkətdə, ümumiyyətlə, Azərbaycanda istehsal olunmur, Türkiyədən bütün qatqılar qatılmış şəkildə alınır: "Sınaq üçün nümunələri Standartlaşma, Metrologiya və Patent üzrə Komitəsinin əməkdaşları özləri seçib götürürlər, sınağa götürülən nümunələrlə üzləmədə istifadə edilən nümunələrin tərkibi eynidir".
Xatırladaq ki, ibtidai istintaq zamanı şаhid qismində dindirilmiş "Qlоbаl Stоnе" MMC-nin bаş mühəndisi Mеhdiyеv Nəsimi Rəsul оğlu ifаdəsində göstərib ki, Bakı şəhəri, Azadlıq prospekti 200/36 ünvanında yerləşən binanın fasadının üzlənməsində istifadə olunmuş poliuretan məhsulu "Global Stone" MMC-də istehsal olunub. Həmin məhsulun istehsalında istifadə edilmiş xammallar da Türkiyənin "Tekpol" şirkətindən alınmışdır. Həmin ünvanda yerləşən binanın üzlənməsi prosesi 2012-2013-cü illərdə həyata keçirilmişdir. Həmin dövrdə baş mühəndis vəzifəsini kimin icra etməsini bilmir, baş mühəndis vəzifəsini icra etmiş şəxs məhsulun istehsalından sonra oda davamlı boyanın vurulmasına da nəzarət etməli idi. "Global Stone" MMC-də istehsal edilmiş məhsulların keyfiyyətinə, oda davamlılığına dair müvafiq icra hakimiyyəti orqanlarından sertifikatlar alınmаsındаn heç bir məlumatı yoxdur. "Global Stone" və "Global Construction" MMC-nin təsisçisi və əsas rəhbəri olan Miryusif Mahmudov da şirkətin fəaliyyətinə nəzarət edib.
Sonra söz təqsirləndirilən şəxslərə verilib.
Təqsirləndirilən şəxslər ifadələrini növbəti məhkəməyə saxlayıblar. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesinin növbəti vaxtı yanvarın 23-ü saat 11:00-a təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında M.Mahmudovun 10 il, Ə.Əsgərovun 7 il, U.Bəşirovun 8 il, Ə.Rəcəbovun 7 il, N.Orucovun 5 il , A.Məmmədovun 5 il və A.Əlibəyovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov təqsirləndirilirlər.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB