Uzun müddətdir ki, siyasi arenada görünməyən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri, hazırkı lideri Etibar Məmmədov haqqında müxalifət düşərgəsində söz-söhbətlər yaranmağa başlayıb. Belə ki, düşərgədə vaxtilə onunla birgə eyni partiyada təmsil olunmuşlar, eləcə də digər düşərfə təmsilçiləri E.Məmmədovun uzun müddətli fasilədən sonra yenidən AMİP-ə sədr qayıdacağı ehtimalını irəli sürürlər.
Yusif Bağırzadənin gedişi hələ də AMİP-də ciddi təlatümlər yaşatmağa davam edir
Məsələ ondadır ki, artıq bir neçə ildir ki, partiyanın sədri Yusif Bağırzadə sədrlikdən istefa verəndən sonra AMİP daxilində müəəyyən çaxnaşmalar yaşanmağa başlandı. Daha dəqiq desək, partiyada kimin yeni sədr seçilməsi məsələsi gündəmə çıxdı və milli sitiqlalçıların aparıcı funksionerləri bir araya gələrək, yaranan problemi yoluna qoymağə bacarmadılar. AMİP-in gecikən qurultayı və rayon təşkilatlarının bir çoxunda baş tutmayan konfransları da artıq belə bir mənzərəni ortaya qoydu ki, partiyada sədr böhranı yaşanır. Bu böhran isə adıçəkilən siyasi təşkilatın fəaliyyətinə kifayət qədər ciddi zərbələr vurmaqdadır.
Bu arada E.Məmmədovun 2018-ci ildə keçiriləcək president seçkilərində iştirak etmək ambisiyasının da gündəmdə olması müxalifətçilər tərəfindən iddia edilməkdədir. Halbuki, AMİP lideri zaman-zaman partiyaya yenidən sədr kimi qayıtmayacağını dəfələrlə bildirib. Hətta bundan öncə keçirilmiş bir neçə prezident seçkilərində iştirakdan imtina da edib. Belə olan vəziyyətdə Məmmədovun sözlərinin üst-üstə düşməməsi ilə yanaşı, qarşıdan gələn seçkilərə namizəd kimi getməsi də inandırıcı görünmür.
Sabiq AMİP-çi, hazırkı BAP-nın sədri Elşad Musayev: "Etibar Məmmədov taktikanı dəyişib"
Daha bir məqam isə düşərgədə fəaliyyət göstərən müxalifətçilərin bu məsələdən ciddi narahatçılıq keçirmələridir. Məsələn, Böyük Azərbaycan Partiyasının sədri (BAP), AMİP-in keçmiş baş katibi Elşad Musayev mətbuata açıqlamasında deyib ki, E.Məmmədovun siyasətdən getməsi yenidən qayıtması üçün deyil. BAP sədri mövzunun gündəmə gəlməsini E.Məmmədova yaxın adamların düşərgədəki reaksiyanı öyrənmək üçün xüsusi addım atdıqları qənaətindədir.
"Etibar Məmmədov siyasətdən kənara çəkilməyib, siyasətin içindədir, sadəcə taktikanı dəyişib. Kimlər üçünsə bu taktika sərf edir. Görünür ki, kiminsə marağı var, bu mövzunu ortaya atmaqla nəbz yoxlayır ki, həqiqətən Etibar Məmmədovun aktiv siyasətə qoşulacağı məsələsi var, ya yox?!"-deyə qeyd edən E.Musayev əlavə edib ki, burada qeyri-adi heç nə görmür: "İndi buna onun partiyasından olanlar cavab verirlər, ya vermirlər, bu başqa məsələdir. Azərbaycanda Etibar Məmmədovu istəməyən kəsim var, bu məsələni qətiləşdirmək istəyən də həmin kəsimdir..."
Keçmiş AMİP funksioneri, hazırda VİP-in sədri Əli Əliyev: "Mənim fikrimcə, bu, "nəbz yoxlaması"dır..."
Digər sabiq milli istiqlalçı, AMİP sədrinin keçmiş müavini, hazırda Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri olan Əli Əliyev isə E.Məmmədovun yenidən siyasi arenaya geri dönəcəyi ilə bağlı fikirlərin oraya atılmasına konkret cavab verə bilməyib. Daha dəqiqi, o bildirib ki, əgər E.Məmmədov bu xəbəri rəsmən təsdiq edərsə, məhz bundan sonra hər hansı bir fikir bildirə bilər. Ancaq bununla yanaşı, VİP sədri də BAP sədri ilə demək olar ki, eyni mövqedən çıxış edib və mövzunun gündəmə gəlməsini "nəbz yoxlanışı" qismində qiymətıləndirib: "Yayılan məlumatların hələlik söhbət səviyyəsində olması qənaətindəyəm. Fəaliyyətini tam bərpa etdikdən sonra şərh verərəm. Mənim fikrimcə, bu, "nəbz yoxlaması"dır..."
Etibar Məmmədovun AMİP-ə mümkün qayıdışı düşərgəni kökündən silkələyə bilər
Yeri gəlmişkən, bir faktı da xatırlatmaq yerinə düşərdi ki, AMİP lideri sədrlik postundan gedərkən, partiyada ciddi narazılıqlar baş qaldırmışdı. Hətta bu gün VİP sədri kimi fəaliyyət göstərmiş Ə.Əliyev sədrlik uğrunda mübarizə aparmış, ancaq bu rəqabətdə uduzmuşdu. AMİP daxilində parçalanma yaşanmış, Ə.Əliyevlə birgə onu dəstəkləyən bir çox şəxs istefaya gedərək, yeni partiya yaratmışdı. Bu baxımdan, sabiq AMİP funksionerlərinin real fikir deməkdən, nəticəyə gəlməkdən ehtiyat eləmələri həm də onların E.Məmmədovdan müəyyən mənada çəkinmələri ilə də əlaqələndirilə bilər. Ona görə də konkret açıqlama verməyərək, gözləmə mövqeyində dayanmağı məqbul hesab edirlər.
Əgər nəzərə alarsaq bu gün düşərgədəki vəziyyət kritik dərəcədə böhranlıdır və AXCP, Müsavat, KXCP, ADP, Ümid kimi partiyalar heç bir siyasi uğur əldə edə bilmirlər, üstəlik bu cameədə yeni partiya və hərəkatlar yaranır, bu zaman E.Məmmədovun AMİP-ə mümkün qayıdışı düşərgəni kökündən silkələyə bilər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB