YAP Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib FOTOLAR - SƏS TV

YAP Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib FOTOLAR - SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda təşkilatın idarə heyəti və siyasi şura üzvləri iştirak ediblər.

İclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli məclisin deputatı Şəmsəddin Hacıyev bildirib ki, dünyada baş verənlər fonunda Azərbaycan 2016-cı ildə də öz stabillik və sabitliyini qoruyub saxlaya bildi: " Düzdür, bu il ölkə iqtisadiyyatımız gerilədi, ÜDM-nin azaldı, milli valyutamız devalvasiyaya uğradı, neftin ucuzlaşması fonunda gəlirlərimiz azaldı. Amma bununla yanaşı uğurlarımız da oldu. Bu il ən böyük uğurlarımızdan biri Azərbaycan ordusunun aprel döyüşlərində qazandığı qələbədir. Aprel döyüşləri zamanı 2000 hektardan çox sahəmiz işğaldan azad edilməklə yanaşı, ondan 3-4 dəfə çox sahəyə nəzarət Azərbaycana keçdi. Artıq bütün dünya bildi ki, Azərbaycan hər an işğal olunmuş torpaqlarını geri qaytarmaq əzmindədir".

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı fikirlərini bölüşən Ş. Hacıyev söyləyib ki, 1991-ci ilin dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib: "2 gündən sonra bütün dünya azərbaycanlıları bu günü qeyd edəcək. Bildiyiniz kimi Azərbaycanda 10 milyon azərbaycanlı varsa, bütün dünyada yaşayan azərbaycanlıların sayı 50 milyon təşkil edir. Azərbaycan xalqı öz zəngin və qədim tarixi ilə fəxr etməlidir".

YAP Səbail rayon təşkilatının sədri çıxışının sonunda hər kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara uğurlar arzu edib.

Daha sonra YAP Səbail rayon təşkilatının idarə heyətinin üzvü Hacan Hacıyev 70 illik yubileyi ilə əlaqədar mükafatlandırılıb.

Sonda 2016-cı ildə fəaliyyətinə görə fərqlənən idarə heyəti və siyasi şura üzvlərinə YAP Səbail rayon Təşkilatının rəhbərliyi tərəfindən diplom təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə