“İran prezidentinin işğalçı ölkəyə səfəri heç bir çərçivəyə sığmır” Politoloq
"İslam həmrəyliyi ilə bağlı dərs deməyə meyilli olan İran rəhbərliyi bu səfərlə nümayiş etdirir ki, nə İslam həmrəyliyi onlar üçün əhəmiyyət kəsb edir, nə də ki, öz əhalisinin milli hisləri ilə hesablaşmaq istəyir". Bunu SİA-ya açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov İran prezidenti Həsən Ruhaninin dekabrın 21-də Ermənistana planlaşdırılan səfərinə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, rəsmi məlumata görə, İranda əhalinin 25 faizi, qeyri- rəsmi məlumata görə isə 40-50 faiz Azərbaycan əsillidir: "Onların milli hisslərinə İran rəhbərliyi tərəfindən bəslənən münasibət göstərir ki, nə həmrəylik barədə düşünürlər, nə də əhali ilə hesablaşmaq niyyətləri var. İran prezidentinin Azərbaycan ərazilərini işğal edən, 100- lərlə məscidi dağıdan, yüz minlərlə azərbaycanlını didərgin salan Ermənistana səfəri heç bir çərçivəyə sığmır".
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Bakıya səfərinə İran tərəfindən verilən reaksiyalara da toxunan politoloq deyib ki, İsrail İranın ərazisini işğal etməyib: "Əgər söhbət Fələstindən gedirsə, Misir, İordaniya fəsələstinlilərə bir köynək daha yaxındır, amma hər iki ölkənin İsraildə səfirliyi var. Həmrəylikdən danışırlarsa, Qazaxıstanın da İsraildə səfirliyi var, Qazaxıstan rəsmiləri İsrailə səfərlər edirlər. İran Azərbaycana İsraillə münasibətlərə görə mühazirə oxuyur, ancaq Ruhani İrəvandan sonra Qazaxıstana gedir".
Politoloq bu səfərin iki ölkənin münasibətlərinə təsir etməyəcəyini ə vurğulayıb: "Açığı mən gözləyirəm ki, necə ki, Netanyahunun Bakıya səfərinə qarşı Təbrizdə nümayiş təşkil olunmuşdur, indi də 20-30 milyon azərbaycanlının arasından heç olmasa 500 nəfər Ruhaninin İrana səfəri ilə bağlı etirazını bildirəcək. Dövlətlər səviyyəsində münasibətlərimiz isə necə praqmatik qurulubsa, elə də davam edəcək".
Xatırladaq ki, prezident Həsən Ruhani dekabrın 21-də Ermənistana səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB