Mirhəsən Seyidov yenidən “İrəli” İB-nin sədri seçilib YENİLƏNİR

Mirhəsən Seyidov yenidən “İrəli” İB-nin sədri seçilib YENİLƏNİR

Bu gün "İrəli" İctimai Birliyinin V hesabat-seçki konfransı işə başlayıb.

SİA-nın verdiyi məlumata görə, İctimai Birliyin üzvləri əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

"İrəli" İctimai Birliyinin təsis olunmasının 8-ci ildönümünə həsr olunan konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra konfransın işə başlaması üçün yetərsayın olduğu bildirilib, reqlament müəyyənləşdirilib.

Sonra İctimai Birliyin 2014-2016-cı illərdəki fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

İctimai Birliyin baş katibi Azər Əmirov qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, iki il ərzində İctimai Birlik ölkə gənclərinin ictimai, siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması məqsədilə 15 genişmiqyaslı layihə, o cümlədən "Mənim gənclər təşkilatım", "Şəxsi inkişaf", "Münaqişə tərəfi Azərbaycan", "Xaricdən milli baxış", "Region gənclərinin əməkdaşlıq forumu", "Multikultural dəyərlərin təbliği", "Azərbaycan gəncliyinə dəstək" (SAY) və s. layihələr həyata keçirib.

Vurğulanıb ki, son iki ildə 3854 gənc İctimai Birliyin sıralarına daxil olub. Bu müddətdə dörd təcrübə proqramı həyata keçirilib, dövlət qurumları və gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq davam etdirilib.

Hesabat məruzəsi səsə qoyularaq təsdiqləndikdən sonra təşkilatın idarə heyətinin tərkibinə səsvermə keçirilib.

İctimai Birliyin sədri vəzifəsinə keçirilən səsvermə nəticəsində Mirhəsən Seyidov yenidən "İrəli" İctimai Birliyinin sədri seçilib.

Mirhəsən Seyidov çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Digər çıxış edənlər də "İrəli" İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə