Nizami Səfərov: "Yeni qanun Xocalı soyqırımının istintaqında mühüm rol oynayacaq" AÇIQLAMA - SƏS TV
"Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması və beynəlxalq birlik qarşısında duran ən ümdə vəzifələrdən biridir. Ərazisində bu cür hadisələr törədilən Azərbaycan da bu proseslərdən kənarda qala bilməz. Bunu nəzərə alaraq hazırda ən mühüm qanun layihələrdən biri - beynəlxalq cinayətlərin qarşısının alınması və onların cəzalandırılması haqqında layihə üzərində ciddi işlər aparılır". Bunu SƏS TV-yə müsahibəsində Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru Nizami Səfərov deyib.
Onun sözlərinə görə, qanun layihəsi "Milli Məclis və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində həyata keçirilən "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüququ aspektlərinin öyrənilməsi" layihəsi çərçivəsində hazırlanır: "Nəzərə almaq lazımdır ki, qanun layihəsinin fundamental empirik bazası var. Əgər biz inkişaf etmiş ölkələrin qanunvericiliyinə baxsaq görərik ki, son 15 ildə bir çox ölkələrdə eyni qəbildən olan qanunlar qəbul edilib. Ən mühüm məsələlərdən ondan ibarətdir ki, biz təkcə xarici dövlətlərin qanunvericiliyini nəzərdən keçirmirik, həmçinin BMT-nin beynəlxalq hüquq komissiyasının cari işləri, mövcud olan və fəaliyyət göstərən beynəlxalq cinayət tribunallarının presedent hüququ nəzərdən keçirilir. Bu bir daha ona sirayət edir ki, hazırladığımız qanun layihəsi fundamental xarakter daşıyacaq".
Qanun layihəsində mövcud olan yeniliklərdən söz açan N. Səfərov qeyd edib ki, bu yeniliklərdən biri təcavüz anlayışıdır: "Məlum olduğu kimi bu günə qədər beynəlxalq hüquqda fərdi cinayət məqsədləri üçün təcavüz anlayışı mövcud deyil. Bu anlayış Azərbaycan üçün tam yeni olacaq. Digər maraqlı məqam insanlıq əleyhinə tam yeni anlayışının qanun layihəsində öz əksini tapmasıdır".
N. Səfərov vurğulayıb ki, soyqırımı cinayətinin bu qanunda əks olunması heç bir problem əks etdirmir: "Çünki, 1948-ci ildə soyqırımı cinayətinə həsr olunan müvafiq konvensiya qəbul edilib və müvafiq anlayış konvensiyada olduğu kimi Milli Məclisdə hazırlanan yeni qanun layihəsində də eynilə əksini tapacaq. Ən mühüm məsələlərdən biri dünyanın heç bir ölkəsinin cinayət qanunvericiliyində mövcud olmayan etnik təmizləmələr anlayışıdır ki, bu anlayış da yeni hazırlanan qanun layihəsində yer alacaq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında da qeyd edib ki, tarixən xalqımız ermənilər tərəfindən dəfələrlə etnik təmizləmələrə məruz qalıb. Məqsədimiz həmin cinayətlərin hüququ vasitələrlə formalaşdırıb, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə daxil etməkdir. Bu cinayəti digərlərindən fərqləndirən amillər var ki, bunlar mütləq şəkildə nəzərə alınır və bizim hazırladığımız qanunda da öz əksini tapacaq. İlk növbədə qeyd edim ki, həmin cinayətlərə heç bir müddət tətbiq edilmir. Soyqırımı insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər, etnik təmizləmələr törədilməsi vaxtından asılı olmayaraq istənilən vaxt onu həyata keçirən şəxslər cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Digər bir məqam ondan ibarətdir ki, hətta cinayət törədilən zaman dövlətin qanunvericiliyində mövcud olmadığı halda, belə soyqırımı insanlıq əleyhinə cinayətlər, etnik təmizləmələr sonradan həmin qanunvericiliyə daxil olduqdan sonra cinayət təqibi predmeti ola bilər. Qanun layihəsinə əsasən bu əməlləri törədən şəxslər statusundan və tutduğu vəzifəsindən asılı olmayaraq məsuliyyətə cəlb oluna və cəzalandırıla bilər. Qanunda ekstradisiya, hüququ yardım mexanizmləri də öz əksini tapacaq".
Şöbə müdiri əlavə edib ki, qanun layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulur: "Yeni qanun hazırlanması böyük əhəmiyyət kəsb edir. Bu, həm beynəlxalq, həm də ölkə daxilində həyata keçirilən bu cür əməllərin cəzasızlığının aradan qaldırılmasında böyük rola malik olacaq. Biz bununla bütün dünyaya bu cür cinayətlərin aradan qaldırılması və onu törədənlərin cəzalandırılması istiqamətində mühüm töhfə veririk. Qanun layihəsi Xocalı soyqırımı və ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizlənmələrin istintaqında mühüm rol oynayacaq və bu prosesə əhəmiyyətli təkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB