Mübariz Qurbanlı: “Azərbaycanda radikal qruplar kök ata bilməyəcəklər”

Mübariz Qurbanlı: “Azərbaycanda radikal qruplar kök ata bilməyəcəklər”

"Avropada multikultural dəyərlərin çökdüyü haqda fikirlər səsləndirilirdi. Avropa siyasətçiləri elan edirdilər ki, bu şəraitdə multikultural dəyərləri qoruyub saxlamaq mümkün deyil. Belə bir zamanda Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə "Multikulturalizm ili" elan etməklə multikultural dəyərlərin zəruriliyini və onun yaşadılmasının mümkünlüyünü dünya ictimaiyyətinə çatdırdı, bu, müxtəlif dini konfessiyalarla görüşlərdə xüsusi şəkildə bildirildi. Bu istiqamətdə görülən işlər öz bəhrəsini verib və verməkdədir". SİA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Multikulturalizm ili: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, bu gün dünyada 160-a yaxın etnik, siyasi, dini xarakterli münaqişə var, 40 ölkənin ərazisində qanlı toqquşmalar baş verir, insanlar həlak olur: "Statistika göstərir ki, bunların ən azı 60 faizi dini konfessiyalar, yaxud dini konfessiyalar daxili toqquşmaların nəticəsində baş verir. Yalnız 2015-ci ilə qədər bu cür münaqişələrdə 2,5 milyon insan həlak olub. Bu rəqəmlər nəinki azalır, əksinə, artmaqdadır. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, ətrafdakı ölkələrlə müqayisədə Azərbaycan sakitlik adasıdır. Hamıya məlumdur ki, bizdən 100-200 km aralıda hər gün toqquşmalar, döyüşlər baş verir. Azərbaycan bunlardan kənarda qala bilir. Çünki ölkəmizdə həm hüquqi, həm ideoloji, həm də iqtisadi müstəvidə kifayət qədər qabaqlayıcı tədbirlər görülüb. Bunun nəticəsində Azərbaycanda dini radikal qruplar kök ata bilmirlər və ata bilməyəcəklər. Ölkə əhalisinin həm mentalı, həm dünya görüşü, həm də hökumətin apardığı siyasət belə halların qarşısını alır".

M.Qurbanlı bildirib ki, ölkəmizdə gənclərə göstərilən xüsusi diqqət və qayğı onların yanlış istiqamətlərə meyillənməsinin qarşısını alır: "Azərbaycanda gənclərin inkişafı, asudə vaxtlarının təşkili ilə bağlı önəmli proqramlar həyata keçirilir. Bu da gənclərin yanlış sahələrə meyillənməsinin qarşısını almaqda mühüm rol oynayır. Biz birlikdə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətti ardıcıl şəkildə həyata keçirəcəyik, Azərbaycanı hər hansı təhlükəyə məruz qoymayacağıq. Enerjimizi Dağlıq Qarabağın, işğal edilmiş torpaqlarımızın azad edilməsinə yönəltməliyik. Azərbaycanda radikal qrupların kök salmasına imkan verməməliyik və buna qarşı sərt mübarizə aparmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə