Almaniya səfiri Gəncəyə səfər edib

Almaniya səfiri Gəncəyə səfər edib

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab 29-30 noyabr tarixlərində Azərbyacanın ikinci böyük şəhəri olan Gəncəyə səfər edib. SİA-ya səfirlikdən verilən məlumata görə, səfərin əsas məqsədi bir vaxtlar Azərbaycanın paytaxtı olmuş şəhərin iqtisadi potensialı ilə tanışlıq, alman şirkətlərinin layihələrinə baxış, qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanışlıq olub. Səfir Kindsqrab Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev ilə görüşüb və şəhərdə iqtisadi, siyasi proseslər haqqında müzakirə aparıb. O, şəhərin iki böyük iqtisadi obyekti hesab olunan "Gəncə şərab" və avtomobil zavodlarına baş çəkib, onların vəziyyəti və gələcək planları ilə tanış olub.

Diplomat Gəncə Dövlət Aqrar Universitetində (Azərbaycanda bu sahədə yeganə olan) alman universitetləri və kənd təsərrüfatı müəssisələri ilə mübadilə proqramı çərçivəsində Almaniyada təhsil almış məzunlarla fikir mübadiləsi aparıb. GİZ və KFW təşkilatlarının nümayəndələri su təchizatı, kadastr sisteminin yaradılması və yerli özünüidarəetmə sahələrində alman-azərbaycan layihələrini təqdim ediblər.

Səfərin ikinci günündə isə 2013-cü ilin sonunda istifadəyə verilmiş, əsasən işğal olunmuş Kəlbəcər rayonundan gəlmiş 14000 qaçqının məskunlaşdığı düşərgədə olub. Kəlbəcər icra başçısı Aqil Məmmədovla görüşdən sonra səfir düşərgənin sakinləri ilə görüşüb. M.Kindsqrab düşərgədə olan məktəbin şagirdlərinə Almaniya futbol federasiyasından olan futbol toplarını hədiyyə edib.

M. Kindsqrab 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının Bakıdakı səfiridir. O, diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə