"İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" kitabın təqdimatı keçirilib YENİLƏNİB - SƏS TV
Bu gün Gülüstan sarayında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" ("Ильхам Алиев. Портрет президента на фоне перемен") rus dilində çapdan çıxan kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, nəfis tərtib olunmuş kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir.
Müəllif "Uğurlu, nüfuzlu şəxsiyyət, prezident olmaq üçün nə etmək lazımdır?", "Xalqın lideri missiyası nədir?" suallarına cavab axtarır.
AMEA-nın prezidenti deyib ki, açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.
Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti təhlil edir.
Azərbaycan Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov deyib ki, kitab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti və Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işləri dolğun şəkildə əks etdirir: "Nəşr gələcək araşdırmalar üçün çox etibarlı mənbə hesab edilə bilər. Azərbaycanın əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin strateji qələbəsi kimi qeyd edilə bilər. Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən və Azərbaycanın davamlı və hərtərəfli inkişafını sürətləndirən layihələr həm milli maraqlara xidmət edir, həm də regional, qlobal inkişafa yönəlir".
Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Musa Quliyev, Mixail Zabelin, Rasim Musabəyov Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasət və ölkəmizin inkişafı barədə danışıblar, görülən işlərin, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında kitabın əhəmiyyətindən bəhs ediblər.
Sonra kitabın müəllifi Elmira Axundova bildirib ki, bu kitabın yazılmasında məqsəd Azərbaycan və onun rəhbəri haqqında daha geniş xarici auditoriyaya məlumat verməkdir: "Rusiyanın ən böyük nəşriyyatlarından biri bu kitabın çapına razılıq verib və özləri də bu kitabı böyük tirajla çap edərək Rusiya şəhərlərində yayırlar. Moskavada beynəlxalq intellektual ədəbiyyat sərgisi keçirilib və bu kitab nəşriyyatın ən yaxşı kitabı kimi dəyərləndirilib. Bir neçə xarici nəşriyyat artıq bu kitabla maraqlanır".
Tədbir diskussiya şəklində davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB